İspaniya La Liqasının prezidenti Xavyer Tebas FİFA rəhbəri Canni İnfantinonun vəzifəsindən getməli olduğunu hesab edir.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb.
"Mənim üçün Canni İnfantinonun vaxtı çoxdan bitib. Bunu son hadisələrə görə demirəm. Mən bu idarəetmə tərzini çoxdandır müşahidə edirəm. Canni İnfantino futbolun inkişafına töhfə verən şəxs deyil. Əksinə, onun layihələri idmanın mahiyyətini - milli liqaları məhv edir. Futbol yalnız elitadan ibarət deyil.
Mənim üçün İnfantino dövrü bitdi. Sadəcə bunun nə vaxt qüvvəyə minəcəyini və rəhbər dəyişikliyinin necə baş verəcəyini gözləmək qalır. Ümid edirəm ki, iş yalnız bəzi insanların digərləri ilə əvəzlənməsi ilə məhdudlaşmayacaq, real yenidənqurmaya qədər gedib çıxacaq", - deyə Tebas bildirib.
Xatırladaq ki, bu yaxınlarda İnfantinonun, dünya çempionatının hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı uğursuz plan ətrafındakı son qalmaqallara baxmayaraq, FİFA rəhbəri postunu tərk etmək niyyətində olmadığı məlum olub.
Funkosioner UEFA və KONKAKAF-ın tənqidindən sonra bu plandan imtina etmək məcburiyyətində qalmışdı. Əlavə edək ki, 55 Avropa ölkəsi bu şirkətin yaradılması təşəbbüslərinə görə qarşıdakı dünya çempionatlarını boykot etməyə hazır idi. Ötən gün Norveç Futbol Federasiyası İnfantinonu vəzifəsindən getməyə çağırıb.













