"Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi. Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdı ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın".
Matc.az saytı xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib. Klubun rəsmi saytına açıqlamasında Ukrayna təmsilçisi "Vorskla" ilə bu gün keçirilən yoxlama görüşünü dəyərləndirən Qurbanov ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib: "İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar. İyulun 17-də son matçımız olacaq. çalışacağıq ki, tam heyətlə oynayaq. Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. çünki ayın 25-dək komanda tam formalaşmalıdı".
Qeyd edək ki, "Qəbələ" - "Vorskla" görüşü ukraynalıların 3:1 hesablı qələbəsi ilə nəticələnib.