İspaniyalı futbolçu Kristian Telyo 35 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə idmançı özünün "Instagram" hesabında məlumat yayıb.
Vinger həyatının bu səhifəsini çevirmək vaxtının çatdığını hesab edir. Oyunçu futbolun ona xəyallarını gerçəkləşdirməyə və bir çox mühüm anları yaşamağa imkan verdiyini etiraf edib.
"Futbol mənə hər şey bəxş etdi. O, bir vaxtlar qeyri-mümkün görünən xəyalları gerçəkləşdirməyə, qəlbimdə əbədi saxlayacağım insanlarla tanış olmağa və yaddaşımda ömürlük qalacaq anlar yaşamağa imkan verdi. Məni nə vaxtsa dəstəkləyən, tənqid edən və ya sadəcə yanımda olan hər kəsə ürəkdən təşəkkür edirəm.
Mən bu idmana hər şeyimi verdiyimi bilərək, rahat qəlblə və keçdiyim yoldan böyük qürur hissi ilə futboldan gedirəm. Bu gün peşəkar futbolçu karyeram başa çatır, lakin futbolun mənə öyrətdiyi hər şey əbədi olaraq mənimlə qalacaq. Təşəkkür edirəm, futbol", – deyə Telyo yazıb.
Qeyd edək ki, Kristian "Barselona" akademiyasının yetirməsidir. Kataloniyalıların heyətində 86 matça çıxan oyunçu 34 məhsuldar fəaliyyətlə yadda qalıb.
O, həmçinin "Betis", "Portu", "Fiorentina", "Los-Anceles", "Əl-Fateh", "Əl-Oruba" və "Palm-Siti" klublarında da çıxış edib. Telyo klub səviyyəsində 6 titul qazanıb, həmçinin İspaniya gənclər yığmasının heyətində Avropa çempionu olub.













