“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında daha bir tarixi göstəriciyə imza atıb. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu turnirin IV turunda Yunanıstan AEK-si ilə keçirilən matçda fərqlənərək Çempionlar Liqasında qol və məhsuldar ötürmələrinin ümumi sayını 100-ə çatdırıb.

Mbappe bu göstəriciyə 102 oyunda nail olub. Onun hesabında 74 qol və 26 məhsuldar ötürmə var.

Fransalı hücumçu bu nəticə ilə turnir tarixində 100 məhsuldar hərəkət həddinə ən sürətli çatan ikinci futbolçu olub. Yalnız Lionel Messi bu göstəriciyə daha tez – 101 oyunda nail olub. Robert Levandovski də 102 qarşılaşmada 100 məhsuldar hərəkət həddini keçib.

Qeyd edək ki, Çempionlar Liqasının tarixində ən çox qol və məhsuldar ötürmə göstəricisi Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı ulduzun hesabında 140 qol və 42 məhsuldar ötürmə olmaqla, ümumilikdə 182 məhsuldar hərəkət var.

Mbappe AEK ilə qarşılaşmada da fərqlənməklə Çempionlar Liqasında ardıcıl altıncı oyunda qol vurub. O, daha əvvəl PSJ-nin heyətində də belə seriyaya imza atmışdı.

Xatırladaq ki, AEK – “Real Madrid” görüşü İspaniya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Mbappe 78-ci dəqiqədə hesabı bərabərləşdirən qolu vurub, Federiko Valverde isə 90+2-ci dəqiqədə Madrid təmsilçisinə qələbə qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest