“Yerli futbolçuların az oynaması milli komandamız adına yaxşı deyil”
- Klublarımızın legionerlərdən asılılığı nə dərəcədə normaldı? Azərbaycanlı futbolçuların əsas heyətdə daha çox yer alması üçün nə etmək lazımdı?
- Əslində, bu, normal deyil. Yerli futbolçular və milli komanda adına yaxşı hal sayılmır. Amma reallıq var. Səviyyəli futbolçularımızın sayı kifayət qədər deyil, klublarımızın sayı da çox deyil ki, yerlilər özlərini göstərmək imkanı qazansınlar.
Azərbaycanlı futbolçuların əsas heyətdə daha çox yer alması üçün ilk növbədə öz üzərlərində işləmələri, rəqabətədavamlı səviyyəyə çatmaları lazımdır. Futbolçu özünü inkişaf etdirməlidi ki, məşqçi ona güvənsin və heyətdə şans versin.
Düşünürəm ki, yerli futbolçuların səviyyəsi liqaya gələn legionerlərlə eyni və ya onlardan bir qədər aşağı olduqda, klublarımız onlara daha çox güvənə, oynamaq imkanı yarada bilərlər. Amma səviyyə fərqi böyük olanda, legionerlərə üstünlük vermək məcburiyyətində qalırlar.
- Legionerlərə şans verdikləri üçün klubları da qınamaq olmaz...
- Burada klub rəhbərlərinin və məşqçilərin tələbləri də rol oynayır. Hər klub yüksək yerlər uğrunda mübarizə aparmaq istəyir. Buna görə də rəqabətdə kim daha güclüdürsə, heyətə həmin futbolçu daxil edilir. Amma ümumiləşdirsək, yerli futbolçuların az oynaması milli adına yaxşı hal deyil. Son illərdə millidə indiki qədər futbolçu qıtlığının hiss olunduğunu xatırlamıram. Hazırda milli komandamızın rəqabət səviyyəsi bir qədər aşağıdı. Əvvəllər eyni mövqedə bir neçə normal futbolçu tapmaq mümkün idisə, indi bu baxımdan məşqçilərin işi çətinləşib. Yerli futbolçu qıtlığı açıq şəkildə hiss olunur.
“Sabah”a inanırıq, amma “Vikinq”lə oyun asan olmayacaq”
- “Sabah” noyabrın 4-də UEFA Çempionlar Liqasının IV turu çərçivəsində Norveçdə “Vikinq”lə qarşılaşacaq...
– Öncə “Sabah”a uğurlar arzulayıram. Komanda indiyədək keçirdiyi oyunlarda inamlı təsir bağışlayıb, ölkəmizi layiqincə təmsil edib. Qrup mərhələsində də qarşılaşmalarını maraqlı və yaxşı keçirib. Rəqib “Vikinq”dir. Səfərdə oynamaq hər bir komanda üçün müəyyən çətinliklər yaradır. Bunun bariz nümunəsi “Vikinq”in “Bavariya” kimi adlı-sanlı rəqiblə qarşılaşmasıdı. Norveç təmsilçisi həmin oyunda əvvəlcə 2:0 hesabı ilə önə keçmiş, daha sonra 2:3 geriyə düşməsinə baxmayaraq, mübarizəni davam etdirərək hesabı bərabərləşdirmişdi. Bu da göstərir ki, “Vikinq” güclü rəqiblərdən çəkinməyən komandadı.
- Bu oyundan gözləntiləriniz nədir?
- Bildiyimə görə, “Vikinq”in üstünlüklərindən biri də süni örtüklü meydançada oynamağa alışmasıdır. Son illərdə Norveç klublarının, istər “Vikinq”, istərsə də “Bodo-Qlimt” olsun, inkişaf etdiyini görürük. Bu komandalar Avropa arenasında təcrübə qazanır və belə qarşılaşmalarda kifayət qədər inamlı təsir bağışlayırlar.
“Sabah”ın indiyədək nümayiş etdirdiyi oyunu nəzərə alsaq, bu görüşdə də bizi sevindirəcəyinə inanıram. Ümid edirəm ki, həm maraqlı futbol izləyəcəyik, həm də nəticə bizim üçün qənaətbəxş olacaq. Amma asan olmayacaq. Sadalanan amillərə görə hətta adlı-sanlı komandalar belə Norveçdə çətinlik çəkirlər. Buna baxmayaraq, “Sabah”a inanıram. Komandamız istər evdə, istərsə də səfərdə rəqiblərindən geri qalmamağa çalışır. Ümid edirəm ki, sonda sevinən tərəf “Sabah” olacaq. Komandamıza bir daha uğurlar arzulayıram.
“Norveç futbolunda yerli oyunçulara verilən önəm nəticəsini göstərir”
– Norveç klublarının, xüsusən də “Vikinq”in hansı üstünlükləri var? “Sabah” nələrə diqqət yetirməlidir?
– “Vikinq” öz meydanında çox güclüdü. Azarkeş dəstəyi və süni meydança amili onların üstünlüklərindəndir. Son vaxtlar Norveç futbolunda müəyyən irəliləyiş hiss olunur. İşimlə əlaqədar Norveç çempionatını mütəmadi izləyirəm. Son bir neçə ildə klublarda legionerlərin sayının bir qədər azaldığını və yerli futbolçulara daha çox üstünlük verildiyini görürük. Görünür, klublar akademiyalara da daha çox diqqət ayırırlar. Norveçdə infrastruktur heç vaxt ciddi problem olmayıb. Meydançaların sayı kifayət qədərdir və bu, uşaq futbolunun inkişafı üçün əlverişli şərait yaradır.
Meydançaların çoxluğu, akademiyaların normal fəaliyyəti və yerli futbolçuların öz çempionatlarında daha çox şans qazanması onların yetişməsinə, təcrübə toplamasına və rəqabətədavamlı olmasına kömək edir. Norveç milli komandasının da son illərdə güclənməsində bu amillərin təsiri var. Yerli futbolçular klublarında yaxşı çıxış edir, rəqabət aparır və nəticədə milli komanda üçün daha geniş seçim imkanı yaranır.
“Vikinq” və “Bodo-Qlimt” kimi komandalar taktiki baxımdan da inkişaf ediblər. Onlar intizamlı futbol oynayırlar. Həm topla, həm də topsuz oyunda nə etməli olduqlarını yaxşı bilirlər. Meydanın hər hissəsində mübarizə aparır, oyun ərzində tapşırıqları düzgün yerinə yetirməyə çalışırlar. Bütün bunlar “Vikinq”i təhlükəli rəqibə çevirir. Ümid edirəm ki, “Sabah”ın məşqçilər korpusu rəqibi ətraflı təhlil edib, bu amilləri nəzərə alacaq. Komandamızın ağıllı və taktiki baxımdan düzgün oyun nümayiş etdirərək uğurlu nəticə qazanacağına inanıram.
Murad AXUND












