“Milan” və Braziliya yığmasının sabiq müdafiəçisi Kafu “Santos”un hücumçusu Neymarın milli komandadakı karyerası ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Əfsanəvi futbolçu hücumçunun yığmadakı çıxışını yüksək qiymətləndirib.
“Gec-tez hər bir futbolçu milli komandadakı karyerasına son qoymalıdır. Əsas odur ki, Neymarın yığmadakı fəaliyyəti uğurlu olub. O, öz izini qoyub və Braziliya futbolu tarixinin bir hissəsinə çevrilib. Onun statistik göstəriciləri inanılmazdır. Neymarın milli komandada keçirdiyi dövr həqiqətən də çox əhəmiyyətli olub”, – deyə Kafu bildirib.
Sabiq müdafiəçi Braziliya millisinin gələcək perspektivləri barədə də danışıb. O, 2030-cu il dünya çempionatının yığma üçün fərqli keçəcəyinə və komandanın dünya çempionu olmaq üçün yeni şans əldə edəcəyinə inandığını söyləyib. Kafunun fikrincə, baş məşqçi Karlo Ançelottinin öz taktiki ideyalarını həyata keçirmək üçün kifayət qədər vaxtı olacaq. O, Braziliya millisində yeni dövrün başladığını vurğulayıb.
Qeyd edək ki, Neymar 2010–2026-cı illərdə Braziliya millisinin formasını geyinib. Hücumçu yığmanın heyətində 130 oyun keçirərək 80 qol vurub və 59 məhsuldar ötürmə edib. O, 2013-cü ildə Braziliya millisi ilə FİFA Konfederasiyalar Kubokunun qalibi olub.













