Millimiz Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazandı. Qrupdakı 5-ci oyununda lider Xorvatiyanı qəbul edən komandamız 1:1 hesablı bərabərliyə nail olub.

Halbuki matçın startı qonaqların qolunun çox yubanmayacağından xəbər verirdi. Çünki xorvatlar start fitindən dərhal sonra sanki oyunun sonları imiş kimi bütünlüklə hücuma atıldı. Rəqibin aramsız təzyiqi futbolçularımızı müdafiəyə qapanmağa vadar edirdi. Ancaq yenə də boşluqlar tapıb, qol vəziyyətləri yarada bilirdilər. İlk dəqiqələrdə iki yüz faizlik qolun qarşısını alan Emil Balayevi qonaqlar yalnız penalti ilə məyus edə bildilər. Hətta “Tobol”un qolkiperi az qala Modriçin bu zərbəsini də qaytaracaqdı.

Xorvatlar hesab açdıqdan sonra rahatladılar və millimizə də oynamaq şəraiti yaratdılar. Ancaq Nikola Yurçeviçin start “11-liy”ində cəmi 3 hücumameyilli futbolçu olduğundan, komandamız topa sahib olduğu zaman maksimum bu sayda oyunçu ilə irəli atılırdı. Belədə hücumlarımız əksər vaxtda rəqibin qapısına yaxınlaşmamış bitirdi. Bəzi istisna anlar oldu. Ancaq onda da Livakoviçi həyəcanlandırmaqdan başqa işə yaramırdı. Xorvatlar isə bir az tempi artıran kimi, Balayev məharətini göstərməli olurdu.

Yurçeviç ikinci hissəyə əvəzləmə ilə başladı. Pavel Paşayevin Təmkin Xəlilzadə ilə əvəzlənməsi taktiki düzülüşə təsir etməsə də, müdafiəçilərin mövqelərində ciddi dəyişikliyə yol açdı. Belə ki, bu əvəzləmə ilə Anton Krivotsyuk müdafiənin mərkəzinə, Maksim Medvedev sağına, Şəhriyar Rəhimov soluna çəkildi, Təmkin isə yarımmüdafiənin solunda oynamağa başladı.

Bu və bir qədər sonra edilən Cavid Hüseynov – Emin Mahmudov əvəzləməsi lap yerinə düşdü. Təmkinin hücumlara dəstəyi, Eminin isə top saxlama bacarığı komandamızda canlanma yaratdı. Üstəlik, xorvatların yığmamıza açıq futbol təklif etməsi də futbolçularımızı ümidləndirdi. Nəticədə iki dəfə ofsayddan qol vuran Dmitri Nazarovdan fərqli, Təmkin təkbaşına rəqibin az qala bütün müdafiəçilərini aldadaraq, rəqibi cəzalandırdı.

Xorvatiya yığmasının ikinci hissədəki pərakəndə oyunu bərabərlik qolundan sonra daha da qabarıq hala düşdü. Rəqib artıq nə düz-əməlli hücum edə, nə də müdafiə oluna bilirdi. Hətta futbolçularımız hücumlar zamanı son ötürmə və ya zərbələrdə dəqiq olsaydılar, qələbə qazanmaq da mümkün olardı.

Emil Balayev – Şübhəsiz ki, qarşılaşmanın qəhrəmanı idi. Birinci hissədəki möhtəşəm qurtarışları komandamızın oyundan qopmasına imkan vermədi. Etiraf edək ki, 1 xala görə, ən çox təşəkkür məhz Balayevə düşür.

Bəhlul Mustafazadə - Hava toplarında rəqibə heç bir şans verməsə də, xorvatlar mərkəzdən gələn zaman komanda yoldaşları kimi, o da çətinlik çəkirdi. Ancaq son vaxtlar yaxşı formada olan Mustafayevin çıxışını ümumilikdə müsbət qiymətləndirmək olar.

Maksim Medvedev – Orta sahədə boşluqların yaranması ilk hissədə onun da işini xeyli artırırdı. Fasilədən sonra Medvedev sağ cinaha keçdi. Qonaqlar ikinci yarıda keyfiyyətli oyun sərgiləyə bilmədiyindən, bu dəfə Maksimə yük düşmədi.

Anton Krivotsyuk – Birinci hissənin ən zəiflərindən biri idi. Gərəksiz yerə cərimə meydanında əllə oynadı, penaltiyə səbəb oldu. Üstəlik, top itkiləri də kifayət qədər idi.

Pavel Paşayev – Rəqib hücumlarının qarşısında aciz qalırdı. Nə müdafiə baxımından etibarlı idi, nə də hücumlara dəstək verirdi. Nəticədə fasilədən sonra əvəzləndi.

Qara Qarayev – Uelslə matçda olduğu kimi, dünənki qarşılaşmanı da yaxşı keçirdi. Həm müdafiəyə kömək edir, həm də Almeydanın yoxluğunda arxadan hücum qururdu.

Cavid Hüseynov – Formadan uzaq olması öz oyununu sərgiləməyə mane olur. Xüsusən də, fiziki cəhətdən çatdırmadığı hiss olunurdu. İkinci hissədə tamam yorulmuşdu və bu üzdən əvəzləndi.

Dmitri Nazarov – Bir növ gizli hücumçu kimi çıxış edirdi. Hətta qol da vurdu, ancaq oyundankənar vəziyyətə düşdü. Ümumilikdə heç də pis təsir bağışlamadı.

Şəhriyar Rəhimov – Uelslə oyunda Beylin zərərsizləşdirilməyində əvəzsiz xidməti olan Rəhimov yenə yarımmüdafiənin sol cinahında yer almışdı. Ancaq xorvatlar bu dəfə əsasən mərkəzdən hücum qururdular. Müdafiəçi olduğundan, hücumlara lazımi dəstəyi verə bilmirdi. Təmkinin meydana daxil olması isə Şəhriyarın öz mövqeyinə dönməsinə səbəb oldu.

Mahir Emreli – Digər ön xətt oyunçuları kimi, o da ilk hissədə çox gözə dəymirdi. Amma Ramil Şeydayevlə yaxşı anlaşması sayəsində rəqib müdafiəçilərinə çətin anlar yaşatmağı bacarırdı.

Ramil Şeydayev – Yenə qol vurmadı, amma yenə oyunboyu dayanmadı, daim müdafiə xəttini gərginlikdə saxladı. Üstəlik, tez-tez geri çəkilib yarımmüdafiəçilərə, hətta müdafiəçilərə də kömək edirdi.

Təmkin Xəlilzadə - Fasilədən sonra meydana daxil olan Xəlilzadə oyunun ikinci qəhrəmanı oldu. Komandamızın sol cinahında canlanma yaratdı. İki dəfə cəhd etdi, ikincisində bərabərlik qolunu vurdu. Özü də xorvatların dediyi kimi, Messisayağı qol vurdu.

Emin Mahmudov - Onun meydanda daxil olması komandamızın orta sahəsinə yeni nəfəs gətirdi. Topu ayağında saxlamaq bacarığı sayəsində komandamızın irəli atılmasına şərait yaratdı. Məhz bu, qonaqların yenidən topa dominantlıq etməsinin qarşısını aldı.

Rəşad Eyubov - Son dəqiqədə meydanda daxil oldu. Bu əvəzləmə isə yalnız vaxt "udmağa" hesablanmışdı.

Ruslan SADIQOV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest