“Neftçi”nin müdafiəçisi Donald Gerye Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Yeni komandasında debüt edən haitili futbolçu sabiq klubuna 0:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib

“Neftçi”nin müdafiəçisi Donald Gerye Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, yeni komandasında debüt edən haitili futbolçu sabiq klubuna 0:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
 
- Bu gün heç-heçəyə nail ola bilərdik. Şanslarımız oldu. “Qarabağ” çox yaxşı komandadır. Biz uduzduq. Yəqin ki, hesab oyuna görə oldu. Futbolda belə hallar olur. Növbəti oyunda daha yaxşı çıxış etməyə çalışacağıq.
 
- Hiss olunurdu ki, qol vurmaq istəyirsən. Bir neçə real şansın oldu. Özünü “Qarabağ”a sübut etmək istəyirdin?
- “Qarabağ”da məni tanıyırlar. Özümü kiməsə sübut etmək istəmirdim. “Qarabağ”da futbolçular və azarkeşlər məni tanıyır. Öz oyunumu göstərməyə çalışırdım. Komandama xeyir vermək istəyirdim.
 
- “Qarabağ”dan çox pul istədiyin üçün müqaviləni uzatmadığın barədə xəbərlər yayılmışdı. Haiti mətbuatı sənin “Qarabağ”a kin saxladığını yazıb...
- Hər şey mənim e-mailimdə var. “Qarabağ”la razılaşmışdıq ki, müqavilə bağlayacam. Danışdıq ki, maaşın yarısını iyulun beşinə kimi verəcəklər. Mən iyulun 5-də hesabımda pul olmadığını gördüm. Dedilər ki, 10-na qədər gözlə. Onlar qabaqcadan pul verməyiblər. Məndən tələb etmişdilər ki, bir oyun keçir, maaşın yarısını verəcəyik. Bunu istəmədim, çünki sərf etmirdi. Razılıq əldə edilmədi. İstəsələr, hər şeyi sübut edə bilərəm. E-mailimdə var hər bir şey.
 
- Maraqlıdır, niyə “Neftçi”yə keçdin? Başqa variantlar yox idi?
- Türkiyə və Fransada oynamaq variantım var idi. “Dənizlispor”a keçmək ehtimalım var idi. Mən “Neftçi”ni seçdim. Bu komandanın işə yanaşması məni qane etdi.
 
- Soni Norde “Zirə”yə keçəndə səviyyəsindən aşağı kluba keçdiyini yazmışdın. Bunu hansı mənada qeyd etmişdin?
- Norde yaxın dostumdur. Onunla Haitinin U-17, U-19 yığmalarında oynamışam. Uşaqlıq dostumdur. Hər gün danışırıq. 24 saat söhbətimiz olur. O, Azərbaycana gəlmək istədiyini dedi. Mən də ona bildirdim ki, Azərbaycanda ən yaxşı klublar “Qarabağ” və “Neftçi”dir. “Zirə”, “Neftçi” və başqa kluba keçmək ehtimalının olduğunu dedi. Mən də dedim ki, belədirsə, “Neftçi”ni seç. Bildirdim ki, “Neftçi” variantın varsa, amma “Zirə”yə keçirsənsə, sənin səviyyənə uyğun deyil. Bunu nəzərdə tuturdum. Cəmiyyət bunu başqa cür anladı. Mən necə bura pis deyə bilərəm ki, özüm Azərbaycan çempionatında çıxış edirəm. Bu oyunçunun yüksək səviyyəsi var. Mən də ona görə elə şərh yazmışdım. Heç kəsə nəsə sübut etmək istəmirəm. Mənim öz ürəyim var. Mən sizə, siz də mənə hörmətlə yanaşırsınız.
 
- “Qarabağ”da çempion olmusan. “Neftçi”də bu daha çətindir. Bunu bacaracağına inanırsan?
- Mümkünsüz bir şey yoxdur. Düzdür, xal fərqi çoxdur. Amma çempionatın böyük hissəsi qarşıdadır. Döyüşsək, çox çalışsaq, hər şey real ola bilər. Siz jurnalist olmaq istəyinizə çatmısınız. Biz də istəyimizə çatmaq üçün mübarizə aparacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest