UEFA-nın prezidenti Aleksander Çeferin FİFA rəhbəri Canni İnfantinodan təşkilatın üzvü olan 211 assosiasiyanın hər birinə 7,5 milyon avro (8,75 milyon dollar) ödənilməsini tələb edib.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Çeferin məsələ ilə bağlı rəsmi bəyanatla çıxış edib: "FİFA, şübhəsiz ki, maliyyə cəhətdən güclü qalmalı, mövcud öhdəliklərini yerinə yetirməli və müvafiq ehtiyatı saxlamalıdır, bizim təhlilimiz də bunu tam şəkildə nəzərə alır. Lakin hazırda FİFA-nın yığılmış ehtiyatlarında milyardlarla dollar vəsait var. Bu resurslar futbola məxsusdur, oyuna və onun 211 assosiasiyasına xidmət etmək üçün mövcuddur. Ehtiyatlılıq prinsipi, bu rezervlərin FİFA-nın proqnozlaşdırılan ehtiyaclarını aşan hissəsinin məsuliyyətlə istifadə edilib-edilməyəcəyi məsələsinin dərindən araşdırılmasına mane olmamalıdır".

İyulda məlum olub ki, İnfantino təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək şirkət yaratmaq istəyir. Onun fikrincə, "FIFA Forward Enterprise"ın yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və bütün dünyada futbolun inkişafına töhfə verəcək.

Beynəlxalq Futbol Federasiyasından bildirilib ki, bu sxem 4,2 milyard dollar cəlb edə bilərdi. Təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid olunub.

Qeyd edək ki, İnfantinonun 56 yaşı var, o, 2016-cı ilın fevralında keçirilən növbədənkənar konqresdə FİFA rəhbəri seçilib. Sonradan o, vahid namizəd kimi iki dəfə yenidən seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest