Azərbaycan millisinin və "Tobol" klubunun qapıçısı Emil Balayev Qazaxıstanda goalkz.kz saytının suallarını cavablandırıb. Matc.az xəbər verir ki, 25 yaşlı qolkiper həm klubunun, həm də millinin son oyunlarını dəyərləndirib.

- "Tobol" variantı necə ortaya çıxdı? Bura gəlməzdən əvvəl Qazaxıstan futbolu haqda nə bilirdiniz?

- Əvvəllər bir neçə Qazaxıstan komandası - "Tobol", "Astana", "Ordabasi və "Qayrat" haqda eşitmişdim. Çünki Azərbaycan çempionatında oynayan və sonradan Qazaxıstana köçən bəzi oyunçular var idi. Məsələn, Riçard Almeyda, Pedro Enrike, Nika Kvekveskiri əvvəllər Azərbaycan çempionatında oynamışdılar. Buna görə də onların keçidləri və Qazaxıstan Premyer Liqası barədə eşitmişdim. Seçimə gəlincə, “Tobol”dan mənə maraq var idi və qərara gəldim ki, yenidən legioner həyatı yaşayım. İndi qərarımdan peşman deyiləm.

- Artıq 27 tur geridə qalıb, müəyyən nəticələr çıxarmaq olar. Premyer Liqanın səviyyəsini necə görürsünüz? Azərbaycan çempionatı ilə müqayisə edərdiniz...

- Müqayisə etsək, görərik ki, burda Azərbaycandakından daha çox komanda var. Qazaxıstan böyük ölkədi, dünyada doqquzuncudu, bu üzdən səfər oyunları üçün uzaq məsafələr qət etməli olursan. Bu da maraqlıdı. İlk vaxtlar buna uyğunlaşmaq çətin idi, amma indi tam öyrəşmişəm və hər şey yaxşı gedir. Qazaxıstanda daha çox atletik futbol oynayırlar, Azərbaycanda isə texniki oyuna üstünlük verilir.

- "Tobol" çempionluq uğrunda mübarizəni davam etdirir. Bu mövsüm qızıl medal qazanmaq şansınız nə dərəcədə realdı?

- Deyərdim ki, mümkünsüz heç nə yoxdu. Hər oyuna maksimum tapşırıqlarla çıxırıq və üç xalla ayrılmaq istəyirik. Əvvəlcədən konkret nəsə demək istəmirəm, amma klub olaraq ən yüksək hədəflərə çatmağa çalışırıq.

- "Tobol" ardıcıl 7 oyundu qol buraxmır və bunun 6-da qapıda siz dayanmısınız. Qapıçıdan bilmək maraqlıdı, belə bir uğurun sirri nədi?

- Komandamız bir neçə oyundu qol buraxmır ki, bu, müsbət amildir. Amma düşünmürəm ki, burda kiminsə şəxsi əməyi var. Bu, hər bir futbolçunun və məşqçinin zəhmətinin nəticəsidi. Futbol kollektiv oyundu və mənə bu quru seriyaya nail olmağa kömək olan bütün futbolçulara minnətdaram.

- Bu yaxınlarda Jasur Narzikulov komandanıza qoşuldu. Klubda qapıçıların münasibəti necədi?

- Çox mehriban kollektivimiz var və qapıçılar bir-biriləri ilə yaxşı ünsiyyətdədilər. Əlbəttə ki, oyununuzdan asılı olmayaraq - yaxşı və ya pis olduğunuz zaman komanda yoldaşlarınızın sizə səmimi münasibət bəsləməsi müsbət cəhətdi. Hər matçdan sonra həm Jasur, həm də Sultan Busurmanov mənə dəstək olur. Bu cür dəstəyi hiss etdiyiniz zaman sizə əlavə inam və güc gəlir.

- Xorvatiyaya qarşı oyunda milli komandanızda debüt etdiniz və bu, möhtəşəm alındı. Təəssüratlarınız necədi və ümumilikdə matç barədə nə deyə bilərsiniz?

- Oyundan əvvəl bilirdik ki, ciddi rəqiblə - dünya çempionatının gümüş medalçıları ilə qarşılaşacağıq. Bizi yüksək səviyyəli futbolçularla duelin gözlədiyini bilirdik və komanda buna hazırlaşırdı. Hər kəsin, xüsusən də, mənim böyük arzum var idi, çünki millidə debüt edirdim. Düşünürəm ki, belə oyunlarda hər futbolçunun həyəcanı olur, ancaq bu mənə mane olmadı. Düzgün konsentrasiya olunmuşdum, diqqətli idim. Allaha şükürlər olsun, oyun komandamız üçün uğurlu alındı.

- Bir az da dünya futbolu haqda danışaq. Hansı qapıçılar sizi heyran edir, kumiriniz varmı? Və hansı klubda oynamağı xəyal edərdiniz?

- Düzünü deyim, konkret hansısa klubda oynamaq xəyalım olmayıb, amma İngiltərə Premyer Liqasında oynamağı çox istərdim. O atmosferi hiss edin. Qapıçılara gəlincə, kumirim yoxdu. Lakin oyun üslubunu bəyəndiyim qapıçılar var. Edersonun ayaqla oynaması xoşuma gəlir. Həmçinin Noyer, Kasilyas və Çexi bəyənirdim.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest