Avropa ölkələrində mövsümün əvvəlləridirsə, Azərbaycan Premyer Liqasında artıq I dövrəyə yekun vurulub. Əslində kobud səslənsə də, "mövsüm başa çatıb" demək də olar.

Geridə qalan 7 tur cari mövsümün çempionunun adına böyük ölçüdə aydınlıq gətirib. Avropa Liqasında yenə yoluna davam edən yeganə Azərbaycan təmsilçisi "Qarabağ"  daxili birincilikdə rəqiblərini bir ayaqla "tapdalayır". 7 oyunda maksimum nəticə (21 xal), vurulan 17, buraxılan 1 qol Qurban Qurbanovun kollektivinin digərləri ilə fərqini aşkar şəkildə ortaya qoyur.

"Qarabağ" 100 faizlik nəticə göstəribsə, ən yaxın izləyicilərində bu rəqəm təxminən 50-yə bərabərdi. Söhbət "Keşlə" və "Neftçi"dən gedir ki, 11 xalla 2-3-cü yerləri bölüşən paytaxt klubları liderdən artıq 10 xal geridə qalır. Bu iki komandanın vurduğu ümumi qol sayı təkcə "Qarabağ"ınkı qədər deyil. Bu xırda statistik göstəricilər ölkə çempionunun son illərdəki ən rahat mövsümü keçirməsinin sübutudu.

Avropa Liqasında "Bney Yehuda" uğursuzluğunun ardından heç cür toparlana bilməyən "Neftçi" son iki matçdakı qələbə sayəsində autsayderlər zonasında qərarlaşmadan qurtularaq, 3-cü pilləyə qədər yüksəlib. Ancaq "Qəbələ" və "Səbail" üzərindəki qələbə də "flaqman"ın özünə gəldiyi anlamını vermir. çünki Roberto Bordinin kollektivi hər tur çox əziyyət çəkir, oyun planında rəqiblərindən elə bir fərqi hiss olunmur. Halbuki, klub prezidenti Kamran Quliyev yay fasiləsindəki səs-küylü transferlərlə çempionluq xəyallarını qurmağa başlamış, Bordinə də bunu inandırmağa çalışmışdı. Lakin unutduğu bir şey var idi: italiyalı ilə böyük uğur qazanmaq mümkün deyil. Digər tərəfdən "Qarabağ"ın da ideal formada olması bakılıların əl-qolunu bağlayıb. İndi Kamran bəy ikiəlli yapışdığı kreslosunu qorumaqla məşğuldu və deyilənlərə inansaq, uğursuz starta görə ən yaxın sirdaşı, klubun idman direktoru Ceyhun Sultanovu qurban verməyə belə hazırdı. Bütün uğurlarına azarkeşlərinin sayəsində nail olan "ağ-qaralar" rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində artıq fanatların dəstəyindən də məhrumdu.

Geridə qalan 7 turda "Keşlə" müsbət mənada hər kəsi təəccübləndirdi. Tərlan Əhmədov məhdud büdcə və heyətlə yenə möhkəm kollektiv formalaşdırmağı bacarıb. Maraqlısı burasındadı ki, sabiq "bankilər" ev oyunlarını müxtəlif arenalarda keçirilər. Yəni, "Keşlə" I dövrədə topladığı 11 xalı ev üzü görmədən qazanıb.

Avropa Liqasındakı çıxışdan sonra büdcəsi xeyli azaldılan, yeni transferlərin bəzilərinin "siftə" etmədən ayrıldığı "Səbail" mövsümə gözlənilməz start götürmüşdü. Lakin daşlar yerinə oturduqca Aftandil Hacıyevin komandasının da əsl gücü üzə çıxdı. Qış fasiləsində heyət gücləndirilməsə, qəsəbə təmsilçisi daha da geriləyəcək.

Mənfi mənada təəccübləndirən komanda isə "Sabah"dı. Halbuki, mövsümün əvvəlində bu komanda ilk "üçlüy"ə əsas iddiaçılar arasında göstərilirdi. Amma baş məşqçi problemi xeyli xal itkilərinə səbəb oldu. "Zirə"də isə heyətin kasad olması ilə yanaşı, baş məşqçi Samir Abasovun sanki tükəndiyi müşahidə edilir. çox güman ki, II dövrənin əvvəlində ardıcıl xal itkiləri Samir bəyi işsiz qoyacaq.  

"Sumqayıt"dan onsuz əlahiddə bir nəticə gözlənilmirdi. "Qəbələ"yə gəlincə, klub vaxtilə damla-damla topladığı nüfuzunu yanlış baş məşqçi seçimi ilə itirməkdədi. Sənan Qurbanova hətta avroliqa fiaskosundan sonra da etimad göstərən "Qəbələ" rəhbərliyi, gec də olsa səhvini Sənan bəyi komandadan uzaqlaşdırmaqla "düzəltdi". Amma hazırkı baş məşqçi Elmar Baxşıyevin sələfindən daha bacarıqlı mütəxəssis saymaq gülünc olar.

ümumi götürdükdə, "Qarabağ" istisna olmaqla, digər 7 komanda arasında gərgin yarış izləyirik. 2-ci pillənin sahibi ilə sonuncu arasında cəmi 6 xallıq fərqin olması avrokubok uğrunda mübarizənin əvvəlki illərdən daha maraqlı olacağından xəbər verir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest