AVRO-2020-nin seçmə mərhələsi başa çatmaq üzrədi. Matc.az saytının məlumatına görə, noyabrda baş tutacaq oyunlardan sonra bütün qruplarda ilk iki yerlərin sahibləri dəqiqləşəcək.

Doğrudu, bəzi komandaların qitə birinciliyində iştirakı artıq məlumdu. Bunlar İtaliya, Ukrayna, Belçika, Rusiya, Polşa və İspaniyadı. Digər 14 xoşbəxt noyabrdakı matçların ardından müəyyənləşəcək. Final mərhələsində İtaliyanın A, Rusiyanın B, İspaniyanın isə E qrupunda məskunlaşacağı da bəllidi.

Seçmə mərhələ bitdikdən dərhal sonra komandalar səbətlərə bölünəcək və noyabrın 30-da qrupun püşkü atılacaq. Səbətlər isə seçmə mərhələdəki nəticələrə əsasən müəyyən ediləcək. Belə ki, seçmə mərhələdəki qrup qalibləri arasında ən yaxşı nəticəyə malik 6 komanda 1-ci səbətdə, digər 4 qrupun qalibi və ikincilər arasında ən yaxşı nəticə göstərən 2 komanda 2-ci səbətdə, ikinci yerlər arasında 3-8-ci olanlar 3-cü səbətdə, ikinci yerlər arasında ən zəif iki komanda və pley-offun dörd qalibi 4-cü səbətdə qərar tutacaq.

Son iki tura əsasən müəyyən fikir yürütmək olar. Gələn aydakı matçlardan sonra qruplarda ilk iki yerlərin sahibləri dəyişməsə, maraqlı səbətlər formalaşacaq. Belə ki, hər hansı bir dəyişiklik olmasa, İspaniya, həmçinin Fransa 2-ci, Almaniya 3-cü, son çempion Portuqaliya isə 4-cü səbətə düşəcək.

Hazırkı duruma görə, 20 komanda səbətlərə belə bölünür:

1-ci səbət: Ukrayna, Belçika, İtaliya, İngiltərə, Hollandiya, İspaniya

2-ci səbət: Xorvatiya, Polşa, Türkiyə, İrlandiya, Rusiya, Fransa

3-cü səbət: Almaniya, Avstriya, Danimarka, Çexiya, Finlandiya, Macarıstan

4-cü səbət: Portuqaliya, İsveç, pley-offun 4 qalibi.

Qeyd edək ki, səbətlər müəyyənləşərkən seçmə mərhələnin 6 komandalı qruplarında sonuncu yeri tutanlarla oyunların nəticələri hesaba alınmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest