"Bavariya"nın idman direktoru Maks Eberl "Barselona"nın gənc ulduzu Lamin Yamalın 2026-cı ilin "Qızıl top" mükafatına layiq olduğu ilə bağlı səsləndirdiyi iddialı fikirlərə mənfi münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Almaniya klubunun rəsmisi dünyanın ən yaxşı futbolçularının öz ətraflarında heç bir reklam kampaniyası və ya təşviqat qurmağa ehtiyac duymayan şəxslər olduğunu vurğulayıb: "Təşviqata ehtiyac olmamalıdır. Ən yaxşılar elə oyunçulardır ki, onların təşviqata ehtiyacı yoxdur".
Daha əvvəl "blauqranas"ın sabiq müdafiəçisi Abelardo Fernandes də "Barselona"nın vingerinin bu bəyanatını tənqid edib.
Kataloniya klubunun prezidenti Joan Laporta, komandanın baş məşqçisi Hans-Diter Flik və idman direktoru Deku 19 yaşlı sağ vingerin 2026-cı ildə bu fərdi mükafatı qazanmalı olduğuna inanırlar.
Laminin əsas rəqibləri Kilian Mbappe ("Real", Madrid) və Harri Keyndir ("Bavariya"). Həmçinin bir çoxları "İnter Mayami"nin kapitanı Lionel Messiyə də üstünlük verirlər.
Qeyd edək ki, ötən il mükafatı PSJ-nin hücumçusu Usman Dembele (1380 xal) qazanıb. Yamal isə səsvermənin nəticələrinə görə ikinci yeri tutub (1059 xal).
"Qızıl top-2026" mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda baş tutacaq. Təşkilatçılar futbolçuların qiymətləndirilmə meyarlarına dəyişikliklər ediblər.













