Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj"ın heytində itki baş verib. Matc.az saytının Lüksemburq mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Mişel Qaros uzun müddətə sıradan çıxıb.

31 yaşlı futbolçu ölkə çempionatının IX turunda "Fola" ilə görüşdə sıradan çıxıb. Həkim müayinəsindən sonra Qarosun dizində ciddi problem aşkarlanıb. Futbolçu təxminən 6-8 həftə sonra yaşıl meydanlara dönə biləcəyini deyib. Yəni Qaros üçün Avropa Liqasında qrup mərhələsi macərası başa çatıb.

Fransalı futbolçu, onsuz da, "Sevilya" ilə qarşıdakı matçı buraxacaqdı. Çünki Qaros ötən tur "Qarabağ"la keçirilən qarşılaşmanın 62-ci dəqiqəsində qırmızı vərəqə almışdı. Həmin epizoda münasibət bildirən orta sahə oyunçusu şotlandiyalı baş hakim Con Bitonun ağır qərar verdiyini düşünür: "Hakimin verdiyi qırmızı vərəqə çox ağır qərar idi. Bunu videotəkrardan da görmək mümkündü. Ayaqlarımı yerdən qaldırmadığım aydın görünür. Ancaq rəqib futbolçu tullandı, qışqırdı, bir sözlə, rolunu yaxşı "oynadı". Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. O, evdə də zəif görməlidi".

Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" görüşü Azərbaycan çempionunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest