Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığıyla 29 sentyabr–1 oktyabr tarixlərində keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub.

Matc.a xəbər verir ki, iştirakçı ölkələrin məşqçi heyətlərinin və hakimlərin qatıldığı püşkatma zamanı idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı, həmçinin iştirak edəcəkləri məsafələr müəyyənləşdirilib.

Püşkatmaya əsasən turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında baş tutacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq. Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanın da daxil olduğu 12 ölkədən 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest