"Mançester Siti"nin baş direktoru Ferran Soriano klubun öz təqsirsizliyini müdafiə etməyə davam edəcəyini bildirib.
Matc.az xəbər verir ki, ötən həftə "şəhərlilər" İngiltərə Premyer Liqasının maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların birindən başqa, demək olar ki, hamısında təqsirli bilinib.
2023-cü ilin fevralında Premyer Liqa "Mançester Siti"ni 2009-cu ildən 2018-ci ilə qədərki dövrdə maliyyə qaydalarını 115 fərqli şəkildə pozmaqda ittiham etmişdi. Sonradan "The Times" nəşri söhbətin 115 yox, 130 qayda pozuntusundan getdiyini yazmışdı; belə ki, Premyer Liqa ittihamları ilk dəfə elan edərkən bəzi qaydalarla bağlı qarışıqlıq yaranmışdı.
59 yaşlı ispaniyalı menecer Avropa Klublar Assosiasiyasının Kopenhagendə keçirilən iclasında çıxış edib. O, "Mançester Siti"nin müstəqil komissiyanın qərarı ilə qətiyyən razılaşmadığını və apellyasiya şikayəti, eləcə də mümkün məhkəmə iddiaları vasitəsilə bu qərarın ləğv edilməsi üçün bütün səyləri göstərəcəyini bəyan edib.
Baş direktor digər Avropa klublarının rəhbərlərinə bildirib ki, Premyer Liqanın ittihamlarına etiraz edəcəklər, artıq 8 ildir uzanan bu işin tamamilə həll olunması üçün isə hələ xeyli vaxt tələb olunacaq.













