Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

Matc.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərdən söhbət açaraq bu sahəyə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür edib.

Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatına (FIFA U-20) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

Canni İnfantino qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünya idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini deyib.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən bəhs olunub, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunulub.

Ölkəmizlə FIFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edilib.

Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest