"Maraqlı qrupa düşmüşük. ümid edirəm ki, ilkin məqsəd olan növbəti mərhələyə vəsiqə qazana bilərik". Matc.az saytının məlumatına görə, bunu İsveçrə yığmasının vitse-kapitanı Qranit Caka deyib.

27 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında AVRO-2020-nin püşkatmasını dəyərləndirib. A qrupuna düşən İsveçrə Bakı və Romada keçiriləcək qarşılaşmalarda İtaliya, Türkiyə və Uelslə üz-üzə gələcək.

Caka münasib qrupa düşdüklərini düşünür. O, baş məşqçisi Vladimir Petkoviçdən fərqli, İtaliyanı qrupun favoriti qismində görmür: "Səmimi olmaq lazımdısa, bu qrupda heç kimi aşkar favorit görmürəm. Ancaq 2016-cı ildəki Avropa çempionatı ilə müqayisədə indi daha güclü qrupa düşdüyümüzü fikirləşirəm. Bakıdakı açılış matçında Uels üzərində qələbə qazanıb, uğurlu başlanğıc etmək istəyirik".

Qeyd edək ki, isveçrəlilər iyunun 13-də Uels, 17-də İtaliya, 21-də isə Türkiyə ilə qarşılaşacaq. Komanda qrupda birinci və sonuncu görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest