Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi Albaniyanın "Panoramasport" nəşrinin suallarını cavablandırıb.
 
Matc.az həmin müsahibəni təqdim edir.
 
- Niyə Azərbaycan millisini seçdiniz?
 
- Albaniyadakından fərqli cəhd üçün Azərbaycanı seçdim. Məncə, Millətlər Liqası vasitəsilə belə bir imkanımız olacaq. Qrup mərhələsi asan olmayacağını düşünürəm.
 
- Fərqlər nələrdir?
 
- Komandanı hazırlaşdırmaq üçün vaxtım çox azdır. Avqustun ilk günlərində Azərbaycana gedəcəyəm, sentyabrın 5-də isə oyunlar başlayacaq. Fikrimcə, yığmaya çağırılacaq futbolçularla danışmalı, onları tanımalı, nəyə qadir olduqlarını bilməliyəm.
 
- Albaniya yığması ilə qazandığınız uğuru təkrarlaya bilərsiniz?
 
- Əlbəttə, istərdim. Amma hər vəziyyət eyni olmur, fərqlənir. Ən əsası, Albaniya millisində işləmək üçün daha çox vaxtım olmuşdu.
 
- Ansi Aqolli məşqçilər heyətində yer alacaq?
 
- ümid edirəm ki, onu özümə köməkçi götürə biləcəyəm. Aqollinin "Nyu-York Kosmos"la ilin sonunadək müqaviləsi var. Görək, alınacaqmı? Bu, mənim üçün çox vacibdir. çünki o, Azərbaycan futbolunu yaxşı bilir və çox ciddi insandır. Aqollinin peşəkarlığı xoşuma gəlir.
 
- Azərbaycan millisində Albaniyadakından fərqli nə edəcəksiniz?
 
- Hər bir anı yaşayacağam və ən etibarlı oyunçulardan hansının müsbət nəticə qazandığını qısa müddətdə tapmağa çalışacağam.
 
- Albaniya millisini Avropa çempionatının final mərhələsinə çıxardığınız üçün sizdən dünya çempionatına vəsiqə qazanmaq tələb oluna bilər. Bu amil sizi təzyiq altında qoya bilərmi?
 
- Hər kəsin maksimumu tələb etməsi mənim üçün normal görünmür. Düşünürəm ki, indi ilk növbədə Millətlər Liqasında qrupdan çıxmalıyıq.
 
- Azərbaycanda millisindən gözləntiləriniz nədir?
 
- Daha çox taktiki diqqət, həmçinin oyun zamanı topla daha sürətli hərəkət tələb olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest