Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən Dç-2018-də II mərhələni adlaya bilməyəcək. Matç.az saytı xəbər verir ki, bunu mərhələnin ilk turunun nəticələri rəsmiləşdirib.

Düzdü, Faiq Qarayevin yetirmələrinin hələ üç qarşılaşması var. Lakin bu matçlar mərhələ adlamaq baxımından formal xarakter daşıyır.

çünki F qrupunda 7-ci olan yığmamızın turu adlamaq üçün nəzəri şansı da qalmayıb. Qeyri-standart formata malik mundialda III mərhələyə iki qrupun hərəsindən yalnız 3 komanda çıxır.

Millimiz üçün isə bu vəzifə artıq əlçatmazdı. Yığmamız 6 görüşdə cəmi 6 xal toplayıb. Mərhələnin sonuna 3 tur qalmış qrupun liderlərindən İtaliya 18, ABŞ 16 xala malikdi. Bu isə onların əlçatmaz olduğunu göstərir.

İlk baxışdan 15 xalla 3-cü olan çinə çatmağın mümkünlüyü görünə bilər. Lakin belə düşünmək aldadıcıdı. çünki 4-cü olan Rusiyanın da 15 xalı var. Bu iki komanda arasında görüş də qalıb. Yəni onlardan ən azı biri, həm də 3-cü yer yığmamız üçün əlçatmazdı.

Son turlarda istənilən hesablı 3 qələbə də komandamıza kömək etməyəcək. Bir sözlə, yığmamız yalnız imic, yekun sıralamada mümkün qədər irəliləmək üçün vuruşacaq. Mundialın III mərhələsi arzusu isə yenə də gerçəkləşməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest