AFFA-nın və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
Matc.az xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 
 
Layihə çərçivəsində rayonun Şərif kəndində 50 məktəbli  uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkilləri Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest