Dünya Güləş Birliyinin (UWW) rəhbərliyi qurumun sabiq prezidenti Rafael Martinetti və həyat yoldaşına edilən ödənişləri araşdırır. Matc.az xəbər verir ki, UWW bununla bağlı Azərbaycan Güləş Federasiyasına müraciət edib.  

“Le Matin” qəzeti yazır ki, İsveçrə Federal Məhkəməsi Martinetti və xanımını 2010-2012-ci illərdə onlara bağışlanan pula görə vergi ödəməyə məcbur edib. İddiaya əsasən, Martinettiyə 2012-ci ildə 5,5 milyon avro ödəmə edilməzdən əvvəl, 2010-cu ildə Azərbaycandan onun hesabına 1,5 milyon avro köçürülüb. Bildirilir ki, həmin məbləğ Martinettinin xanımının hesabına hədiyyə kimi ödənilib.

Martinetti və həyat yoldaşı hədiyyə edilən pula görə vergiyə cəlb olunmalarına etiraz etmişdilər. Lakin İsveçrə Federal Məhkəməsinin bu pulun vergiyə cəlb edilməli olduğuna dair qərar verdiyi bildirildi.

Martinetti və həyat yoldaşının 2,2 milyon CHF (1,8 milyon funt / 2,3 milyon dollar / 2 milyon avro) ödəməli olduğu bildirilir.

“Le Matin” Martinettilərin bu işlə əlaqədar şərh tələblərinə cavab vermədiyini yazıb. UWW rəhbərliyi bu ödənişlərdən xəbərdar olmadığını söyləyərək, mövqeyini açıqlayıb:

"FILA prezidenti Rafael Martinetti və xanımına İsveçrə Hökuməti tərəfindən Azərbaycanda adları çəkilməyən şəxslər tərəfindən 2010 və 2012-ci illərdə cütlüyə verilən böyük məbləğdən vergi ödəməyi tapşırıb. Bu hadisədən əvvəl Dünya Güləş Birliyi bu ödənişlərdən xəbərdar deyildi və daha çox məlumat toplamaq üçün Azərbaycan Güləş Federasiyası ilə əlaqə saxladı. Nə baş verdiyini və əlavə bir tədbir tələb olunduğunu təyin etmək üçün vəziyyəti nəzərdən keçiririk”.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyası mövqeyini açıqlayıb. Qurumdan matc.az saytına bildirilib ki, Azərbaycan Güləş Federasiyası ilə FİLA arasında rəsmi sponsorluq əməkdaşlığı olub və bu əməkdaşlıq 2013-cü ilədək davam edib: “Bu müddət ərzində ödənişlər rəsmi qaydada, müqaviləyə əsasən həyata keçirilib. O ki qaldı Martinettinin vergidən yayınması məsələsinə, bu, onun şəxsi problemidi və federasiyamızla heç bir əlaqəsi yoxdur".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest