Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı keçirilir. Matc.az xəbər verir ki, bu gün qarışıq cütlük, fərdi kişilər, aerodans və qrup proqramında təsnifat, üçlük, fərdi qadınlar və aerodans növlərində isə final görüşləri keçirilib.
 
Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlük yarışında təsnifat mərhələsini 20.650 xalla tamamlayıblar. İdmançılarımız yekun sıralamada 12-ci olub. Bu nəticə isə finala yüksəlmək üçün kifayət etməyib.
 
Əvəzində Vladimir Dolmatov fərdi proqramda 21.000 xal toplayıb və Dünya çempionatında finala yüksəlib. O, 7-ci pillənin sahibi kimi həlledici raunda vəsiqə qazanıb.
 
Azərbaycanın aerodans proqramında çıxış edən komandası da Dünya çempionatında finala vəsiqə qazanıb. Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədlidən ibarət kollektiv təsnifat mərhələsində uğurlu nəticəyə imza atıb. 18.200 xal yığan komanda həlledici raunda lider kimi adlayıb.
 
Son olaraq qrup yarışlarında finalçılar müəyyənləşib. Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədovadan ibarət Azərbaycan komandası seçmə mərhələdə 19.761 xal toplayaraq, 7-ci yeri tutub. Bu nəticə kollektivi finala yüksəldib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest