"Qalatasaray" rəhbərliyi mövsümün əvvəlində "Börnli"dən icarəyə götürdüyü fransalı yarımmüdafiəçi Lesli Uqoçukvu ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar" Lukas Torreyra və Mario Leminanın əvəzləyicisi olan və indiyə qədər cəmi 6 matçda meydana çıxan 22 yaşlı futbolçu ilə yanvar ayında yollarını ayıracaq.
Uqoçukvunun müqaviləsində 26,6 milyon avroluq satınalma opsiyası olsa da, bunun qüvvəyə minməsi üçün oyunçunun 20 matçda çıxış etməsi şərtdir. Hazırkı heyət planlamasında yer almayan fransalının yanvara qədər bütün oyunlarda oynasa belə, maksimum 19 matça çata biləcəyi və beləliklə opsiyanın aktivləşməyəcəyi vurğulanıb.
Onun gedişi ilə "Qalatasaray"ın legioner limitində boşluq yaranacaq. İstanbul nəhənginin həmin boşluğu doldurmaq üçün "Fiorentina"da çıxış edən "Trabzonspor"un sabiq üzvü Oulai üçün hərəkətə keçəcəyi iddia olunur.













