Tokio Yay Olimpiya Oyunları davam edir. Matc.az xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə qoşulub.  Güllə atıcısı Ruslan Lunyov 25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışlarında qüvvəsini sınayıb. 
 
Lunyov birinci təsnifatda 281 xal toplayıb və 27 idmançı arasında 24-ci olub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək. Final etapına vəsiqə qazanmaq üçün Lunyov ilk "altılıq"da yer almalıdı. 
 
Xatırladaq ki, Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənnişdi.
 
Qadınlar arasında çəkicatma yarışına da start verilib. Bu növdəki təmsilçimiz Anna Şkidanın çıxışı uğursuz alınıb. Ukraynalı legioner 69,57 metr göstərici ilə yer aldığı A qrupunda 15 iştirakçı arasında 8-ci yeri tutub.
 
B qrupunda da mübarizə başa çatdıqdan sonra orada Annadan daha yaxşı nəticə göstərən 8 iştirakçının olduğu müəyyənləşib. Beləliklə, 2 qrupun ümumi nəticəsinə əsasən idmançımız təsnifat mərhələsini 16-cı sırada bitirib. Final mərhələsinə ilk 12 yer vəsiqə verdiyindən Şkidan medallar uğrunda mübarizədən kənarda qalıb.
 
Bununla, Azərbaycanın Tokio-2020-də çıxışını başa vuran idmançılarının sayı 25-ə çatıb.
 
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest