"Qarabağ"ın Almeyda və Reynaldonu qaytarmaqla, sanki turnir cədvəlindəki birinci yeri qaytarırmış kimi bir eyforiya var. Amma bu futbolçuların ən yaxşı oyunları artıq geridə qalıb...

Hələ "Qarabağ"dan getməmiş Reynaldo əvvəlki formasını tam itirmişdi. Zədələrə meylli braziliyalının gedişi nə qədər qazanc idisə, dönüşü bir elə zərərli ola bilər. Almeydanın millidəki son rəsmi oyununu görəndən sonra onu nəinki "Qarabağ"a, heç milliyə bir daha dəvət etməmək olardı. çünki, millidə indiki Almeydadan yaxşı yerli futbolçular var - Emin Mahmudov və Cavid İmamverdiyev hazırda ondan daha güclüdü. Amma Qurban Qurbanov "Kosovo faciəsi"nin "qırxı" çıxmamış onu komandaya qaytardı. Reynaldo kimi, Almeydanın da "Qarabağ"a nə qədər faydalı olacağı böyük sual altındadı.

Amma ölkənin bir nömrəli çalışdırıcısı Qurban Qurbanov bu futbolçulara inanırsa, biz nə deyə bilərik?! Sadəcə, kənardan görünən budu ki,  "Qarabağ"a qaytarılası legionerlər Reynaldo və Almeyda yox, Ndlovu və Pedro idi... Göndəriləcək futbolçular isə çoxdu. Hazırda komandada "Qarabağ" səviyyəsinə uyğun gəlməyən əcnəbi və yerli futbolçu var. Qapıçıların heç biri komanda yoldaşlarına güvən vermir, kapitan Rəşad Sadıqovun butsları mismardan asmaq vaxtıdı, Slavçev və Delarj kimi legionerlərlə uzağa getmək olmaz.

çempionluq uğrunda əsas rəqib "Neftçi"ni bu heyətlə keçmək çətin olacaq. Cəmi 2 həftə sonra çempionluğun taleyinə ciddi təsir edə biləcək derbi var. "Qarabağ"ın fevralın 3-də  "Neftçi" ilə oyunu ənənəvi prinsipiallığından və çempionluq yarışına təsirindən başqa, həm də qış fasiləsində kimin daha yaxşı hazırlaşdığını, heyətini gücləndirdiyini göstərəcək.

Hələlik, yalnız onu demək olar ki, hər iki komandanın heyətinin komplektləşməsində ciddi axsamalar var. Bu isə azarkeşlərin mövsümün qalan hissəsində maraqlı mübarizə izləmək şanslarını azaldır...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest