Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli AMADA-nın 5 illik fəaliyyəti dövründə ölkədə həyata keçirilən antidopinq siyasəti və nəticələri barədə ictimaiyyət üçün geniş açıqlama verib. Matc.az xəbər verir ki, açıqlamada aşkarlanan antidopinq qayda pozuntularının statistikasının illər üzrə müqayisəli təhlili verilib. Təhlil eyni zamanda, AMADA-nın yaranmasından əvvəlki dövrü də əhatə edir. Həmin açıqlamanı təqdim edirik:
 
"Azərbaycan hər bir idman ölkəsi kimi daim dopinqlə mübarizədə qətiyyətini və təmiz idman prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bütün sahələrdə olduğu kimi, idmanda da ədalət və dürüstlük prinsiplərinin qorunması dövlətimiz üçün dəyişməz prioritetidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  fərmanı ilə 2016-ci ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılması  Azərbaycanın ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsidir və dopinqlə mübarizədə dövlətin  qətiyyətli iradəsini göstərir. Bu iradənin təzahürü olaraq AMADA fəaliyyət göstərdiyi 5 il ərzində beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, dürüst idmançıların hüquqlarının  və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasəti  aparılır. Bu illər ərzində AMADA beynəlxalq tədbirlərdə aktiv iştirakı və qlobal antidopinq prosesinə verdiyi töhfələrlə etibarlı tərəfdaş kimi tanınıb. 
 
Statistik rəqəmlərin illər üzrə müqayisəsi də antidopinq sahəsindəki inkişafı əyani olaraq göstərir. AMADA-nın fəaliyyətə başlamasından sonra Azərbaycanda antidopinq qayda pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Azalma xüsusi ilə də beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayında özünü göstərir. 
 
Beynəlxalq təcrübəyə əsasən antidopinq qayda pozuntularının sayının illər üzrə müqayisəsini aparmaq üçün keçirilən test saylarının aşkarlanan antidopinq qayda pozuntularına nisbəti əsas götürülür. AMADA-nın test proqramı icra etməyə başladığı 2017-ci ildə 487 test götürülüb və 21 idmançı barədə antidopinq qayda pozuntusuna görə idmandan uzaqlaşdırma qərar verilib. Bu isə götürülən testlərin 4.5 faizini təşkil edir. 2018-ci ildə bu nisbət 2,5 faiz, 2019 cu ildə 1,3 faiz, 2020-ci ildə  0.5 faiz, 2021-ci ilin indiyədək olan dövründə isə 0.2 faiz  təşkil edib. 
 
İllər üzrə aşkarlanan antidopinq qayda pozuntularının statistikası
 

 

İl

Keçirilən testlər

Aşkarlanan antidopinq qayda pozuntuları

Aşkarlanma faizi

2017

487

21

4.3 %

2018

817

27

2.5 %

2019

1594

21

1.3 %

2020

1046

5

0.5 %

2021

1041

2

0.2 %

 

 
Nəzərə almaq lazımdır ki, ilbəil milli test proqramı daha da təkmilləşdirilmiş, risk qrupları müəyyən edilərək hədəfli testlər götürülmüş və  antidopinq qayda pozuntularının  aşkarlanması üçün lazımi digər addımlar atılmışdır. Bütün bunların müqabilində aşkarlanan  antidopinq  qayda pozuntularının nisbətinin aşağı düşməsi onu göstərir ki, AMADA-nın 5 illik fəaliyyəti dövründə həyata keçirdiyi effektiv tədbirlər öz bəhrəsini verir.  Artıq peşəkar idmançılar dopinqdən istifadənin fəsadları və hüquqi nəticələri barədə daha məlumatlıdır.  Bu baxımdan, aparılan genişmiqyaslı antidopinq maarifləndirməsi və təbliğatı xüsusi çəkiyə malikdir.  Belə ki, AMADA Azərbaycanın idman ictimaiyyətini, o cümlədən peşəkar və həvəskar idmançıları, məşqçiləri, idmançıya dəstək heyətini, həkimləri və universitet tələbələrini əhatə edən müxtəlif növ təhsil proqramları icra edir. Antidopinq maarifləndirməsi çərçivəsində idman federasiyaları və  idman məktəblərində müxtəlif yaş qruplarına aid idmançılar, məşqçilər, idman həkimləri və digər idman subyektləri üçün silsilə seminarlar təşkil olunur. İdman təmayüllü ali təhsil ocaqlarının bakalavr və magistr  pilləsində əməkdaşlarmız tərəfindən antidopinq tədris proqramı həyata keçirilir. Bundan əlavə ölkədə keçirilən yerli və beynəlxalq səviyyəli yarışlarda, habelə ənənəvi mətbuatda və sosial mediada geniş antidopinq  təbliğatı aparılır. 
 
Görülən kompleks tədbirlərin nəticəsində beynəlxalq  səviyyədə də antidopinq qayda pozuntularının  sayında nəzərə çarpan azalma müşahidə olunur.  
 
Bu isə onu göstərir ki, beynəlxalq yarışlarda ölkəmizi təmsil edənlərin əksəriyyəti AMADA-nın antidopinq maarifləndirmə  proqramlarını mənimsəmiş və təmiz idman dəyərlərinə hörmətlə yanaşan idmançılardır. çünki antidopinq  qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır. 
 
AMADA-nın  fəaliyyət göstərdiyi  ilk 4 illə (2017-2020-ci illər, 2021-ci il bitmədiyi üçün müqayisəli təhlilə daxil edilməyib) ondan əvvəlki 4 ili (2013-2016-cı illər) müqayisəsi də bunu aydın göstərir. Belə ki, 2013-2016-cı illər ərzində beynəlxalq səviyyədə Azərbaycan idmançılarında 40 antidopinq qayda pozuntusu aşkarlanmışdırsa, AMADA fəaliyyət başlamasından  sonrakı 4 ildə bu rəqəm 2 dəfə azalaraq 20-yə bərabər olub. Müqayisə üçün deyək ki, təkcə, 2013 cü ildə aşkarlanan beynəlxalq səviyyəli antidopinq qayda pozuntularının sayı (24 ədəd)  AMADA-nın 5 illik fəaliyyəti  dövründə aşkarlanan antidopinq qayda pozuntularından (21 ədəd) çoxdur. 
 
Nəzərə almaq lazımdır ki, son illər qlobal səviyyədə antidopinq tədbirləri daha da gücləndirilib və bu sahədə qayda pozuntularının aşkarlanmasında  ən müasir laborator üsullardan istifadə olunur. Belə ki, dünya üzrə 2017-ci ildə aşkarlanan beynəlxalq antidopinq qayda pozuntularının sayı 2016-cı illə müqayisədə 13 faiz artıb. 2018-ci ildə isə əvvəlki ildən daha 6.5 faiz çox qayda pozuntusu qeydə alınıb.  Bununla belə həmin illərdə də Azərbaycan idmançılarında antidopinq qayda pozuntusu aşkarlanması hallarında azalma müşahidə olunub.  
 
AMADA-nın fəaliyyəti başlamasından sonra 2017-2021-ci illər  üzrə beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının statistikası
 
İl - Aşkarlanan antidopinq qayda pozuntuları
2017 -11
2018 - 8
2019 - 1
2020 - -
2021 - 1
 
Göründüyü kimi, ilbəil  beynəlxalq  səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının sayında mütəmadi azalma müşahidə olunur və son illər bu rəqəm minimuma enib. Belə ki, son üç ildə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi iki antidopinq qayda pozuntusu aşkarlanıb.  
 
AMADA-nın fəaliyyət göstərdiyi dövrün illər üzrə statistik rəqəmlərin müqayisəli təhlili göstərir ki, dopinqlə mübarizə sahəsində həyata keçirilən dövlət siyasəti davamlı və sistematik xarakteri daşıyır. İdmançılar başda olmaqla idman ictimaiyyəti dopinq nəzarətinin vacibliyini və  antidopinq qayda pozuntularının aşkarlanmasının qaçılmaz olduğunu dərk edir, təmiz idmanın alternativinin olmadığının fərqindədir. 
Fəxrlə deyə bilərik ki, Azərbaycan  bütün sahələrdə olduğu kimi, idmanda da təmiz qələbələr qazanır və bərqərar olan ədalətin rəmzinə çevrilmiş bayrağımız qürurla ucaldılır". 
 
Şəfəq Hüseynli, Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest