"Həqiqətən də gənc boksçuların Azərbaycan birinciliyi məni sevindirdi. Həm çoxlu sayda idmançılar qatılmışdı, həm də sonadək döyüşürdülər"

"Boks bizim sevilən, ənənəsi olan idman növlərimizdən biridir. Bu idman növündə dünya, Avropa çempionlarımız, Olimpiya mükafatçılarımız var. İnanıram ki, bu ənənə daha yüksək səviyyədə inkişaf edəcək". Matc.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov deyib.
 
Gənc boksçular arasında Azərbaycan birinciliyinin final döyüşlərini Boks Mərkəzində izləyən Olimpiya çempionu bildirib ki, həlledici görüşlərə çıxan idmançılar uğurlu gələcək vəd edirlər: "Yarışın təşkilatçılığı çox yaxşı idi. Döyüşlərdə gərgin rəqabətin şahidi oldum. Yeniyetmə, gənc boksçuların görüşlərini izlədim. Ağır çəki dərəcələrində mübarizə aparan idmançılarımızda irəliləyişin olduğunu gördüm".
 
Veteran güləşçinin sözlərinə görə, düzgün məşq proqramı mükafat qazanan boksçuların gələcəkdə daha da yaxşı inkişaf etməsi üçün vacib amildir: "Bilirsiz, hər bir növdə idmançı üçün lazımi şəraiti yaratmaq lazımdır. Təlim-məşq toplanışı, yarışlar və düzgün məşq proqramı vacibdir. Həqiqətən də gənc boksçuların Azərbaycan birinciliyi məni sevindirdi. Həm çoxlu sayda idmançılar qatılmışdı, həm də sonadək döyüşürdülər".
 
Qeyd edək ki, Azərbaycan birinciliyində respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qüvvəsini sınayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest