Daim uşaq futboluna diqqətindən, istedadlı futbolçuları əsas komandada oynatmasından dəm vuran "Sabah" klubunun öz azyaşlılarına biganə münasibəti üzə çıxıb.

Matc.az-ın sportnet.az-a istinadən məlumatına görə, bu fakt Gənclər Liqasında təxirə salınmış "Qəbələ" ilə səfər matçında aşkarlanıb. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Məsələ heç də "Sabah"ın böyük hesabla uduzmasında deyil. Hərçənd, bu da hesabı sorulmalı məğlubiyyətdir. Amma UEFA Gənclər Liqasında mərhələ keçən və akademiya ənənəsi olan komandaya yenilmələri onlara hardasa təsəlli ola bilər.

Əsas məsələ isə odur ki, "Sabah" bu görüşə ənənəvi "göy-ağ" geyimləri ilə yox, "sarı-qara" formada çıxıb. Hansı ki, belə rənglərdə olan formadan bir müddət əvvəl "Neftçi"nin böyüklərdən ibarət komandası yararlanıb. Bəs "Sabah"ı belə rənglərə "üstünlük verməyə" nə vadar edib?

"Sabah" klubunun rəsmi saytındakı "Akademiya" bölməsində yazılır: “Klubumuzun əsas hədəfi ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bu istiqamətdə klubumuz “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir. Uzun müddətdir fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018 mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan “Vətən” RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib".

Əlbəttə, düşünmək olar ki, səfərdə oynayan komandanın geyiminin ev formasından fərqlənməsi təbiidir. Amma iş ondadır ki, bu formanın üzərində klubun adicə loqosu belə yoxdur. Bir sözlə, bu komanda nə "Sabah"dandır, nə də Vətən"dən...

"Sabah"ın saytındakı məlumatı "Vətən" komandasının sarı və qırmızı formalı futbolçularının fotoları müşayiət edir. Həmin fotolarda "Vətən"in loqoları açıq-aydın görünür. Elə isə "Sabah"ın U-19 komandasının Qəbələdə loqosuz-filansız meydana və taleyin ümidinə buraxılması nədən irəli gəlir?

"Vətən" "Sabah"sız olduğu vaxt Azərbaycanın müxtəlif yaş qrupları üzrə çempionatlarında yüksək nəticələr göstərirdi. Həmin vaxt komandanın forması üzərində öz loqosu da vurulmuşdu. Amma indi bu məktəbi ələ keçirən "Sabah" nə komandanın nəticələrindən xəbərdardır, nə də formasından.

Hazırda tutduğu yer isə bəlkə yadlarında qalar. Çünki U-19 da "Sabah"ın əsas komandası kimi 8 komanda arasında 4-cü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest