Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası feyr-pley mükafatı üçün hələlik iki namizəd müəyyənləşdirib. Matc.az xəbər verir ki, bu barədə komissiyanın sədri Xəzər İsayev məlumat verib.
 
Onun sözlərinə görə, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (55 kq) bu mükafata namizəddir.
 
İsayev 50 yaşlı mütəxəssisə bir neçə dəfə feyr-pley mükafatı təqdim etdiklərini xatırladıb: "Bu mükafatı Qurbanova yenə verməyə hazırıq. çünki buna layiqdir. Amma onun jesti ilə yanaşı, qadın güləşçi Elnurə Məmmədova da var. O, Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında qalib gələndən sonra zədələnmiş rəqibini çiynində döşəkcədən kənara çıxarıb. Bu da ədalət prinsipinin ən yüksək amillərindən biridir. Biz hər şeyə diqqət edirik. Mətbuat nümayəndələrinə, federasiyalara sorğu barədə məlumat verəcəyik. Hər biriniz öz fikrinizi bizə bildirdikdən sonra seçimimizi açıqlayacağıq. Hazırda Qurban Qurbanov və Elnurə Məmmədova ön sıralardadır. Hər ikisini nəzərə ala və birinə məşqçi, digərinə isə idmançı kimi mükafat verə bilərik".
 
Sədr bildirib ki, ilk növbədə, tədbirin vaxtını Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti çingiz Hüseynzadə ilə müəyyənləşdirməlidirlər: "Son zamanlarda Gənclər və İdman Nazirliyi və MOK-da dəyişikliklər olduqdan sonra yeni mövzular, yeni sistem işlənməyə başlayıb. Bu səbəbdən, bir qədər vaxt məhdudiyyəti var. Amma yəqin ki, tədbiri bu il keçirməyə nail olacağıq. çingiz Hüseynzadə ilə məsləhətləşəndən sonra vaxtla bağlı ətraflı məlumat verə biləcəyəm". (Report)
 
Xatırladaq ki, Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsinin Marsel "Olimpik"i (Fransa) ilə Bakıda keçirilmiş cavab görüşündə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. Buna qol epizodunda Vadjinin əllə oynaması səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest