Azərbaycan millisinin və Türkiyənin “Tuzlaspor” klubunun müdafiəçisi Bəxtiyar Həsənalızadənin matc.az saytına müsahibəsi

- Türkiyə 1-ci liqasının 14-cü turunda evdə “Bandırmaspor”la 1:1 hesablı heç-heçə etdiniz. Halbuki, qələbəyə çox yaxın idiniz. 90+6-cı dəqiqədə buraxdığınız qol sizi 2 xaldan etdi…
- Əslində, yaxşı oyun keçirdik. Matça əla başladıq. Bir neçə qol epizodumuz olsa da, fürsətlərdən lazımınca yararlana bilmədik. Təbii ki, qalib gəlməyimizə mane olan əsas səbəb iki penaltini qaçırmağımızdır. Onları dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı.

- Qeyd etdiyiniz kimi, 2 penaltini qola çevirə bilmədiniz. Özü də 2 fərqli futbolçunuz 11 metrlik cərimə zərbəsini qaçırdı. Maraqlıdır ki, qolu da məhz penaltidən vurdunuz. Üçüncü cəhddə Ceyms Adeniyi topa yaxınlaşdı və Vilyam Toqui ilə Seku Banquradan fərqli olaraq, hədəfdən yayınmadı. Komandanızda ştatlı penalti vuran yoxdur?
- Öncədən penaltini kimin yerinə yetirəcəyi məlum idi. Ştatlı penaltiçimiz Toqui idi. Sadəcə, topu qapıdan keçirə bilmədiyi üçün ikinci penalti zamanı zərbəni vuracaq oyunçunu dəyişmək qərarı verildi. Ancaq o da fürsəti qaçırdı. Belə olunca, 3-cü penaltini də fərqli futbolçu yerinə yetirməli oldu.

- Əvvəlki matçlarda olduğu kimi, bu görüşdə də 90 dəqiqə oynadınız. Öz çıxışınızdan tam razı qaldınızmı?
- Çıxışımdan razı qaldım. Son epizodda topun qapımıza getməsinin qarşısını ala bilsəydim, oyunumdan tam razı olardım. Amma alınmadı. Hesabın bərabərləşməsinə mane ola bilmədim.

- Geridə qalan 14 turdan sonra turnir cədvəlində 16-cı pillədə qərarlaşmısınız. Yəqin ki, bu nəticə sizi qane etmir. Vəziyyəti nəyin hesabına dəyişmək olar?
- Əlbəttə, hazırkı vəziyyət bizi qane etmir. Turnir cədvəlində mövqeyimizi dəyişmək üçün qalib gəlməliyik. Bunun üçün oyunlarda əlimizdən gələni edirik. Ümid edirəm ki, qarşıdakı matçlarda istədiklərimizi həyata keçirə biləcəyik.

- Növbəti turda 5-ci pillədə qərarlaşan "Bodrumspor"un qonağı olacaqsınız. Bu matçda hansı nəticəyə ümid edirsiniz?
- Meydana qələbə üçün çıxacağıq. “Bodrumspor” yaxşı komandadır və dediyiniz kimi, turnir cədvəlində yuxarı pillələrdədir. Ancaq rəqibdən çəkinmirik. Bizim üçün vacib olan nəticədir.

- "Tuzlaspor"da əsas heyətin daimi üzvüsünüz. Yavaş-yavaş Türkiyədə daha iddialı klublardan özünüzə maraq hiss edirsiniz?
- Hələ ki, bu haqda danışmaq tezdir. Amma qış fasiləsinə 3 oyun qalıb. Yaxşı təklif olsa, dəyərləndirmək istərdim. Çünki daha iddialı klubda oynamağı hədəfləmişəm. İndiki halda komandamızın vəziyyəti qaneedici deyil. Amma bu dəqiqə oyunlarımızı düşünürəm. Matçlar bitsin, nəsə olsa, müzakirə edə bilərik.

- Milli komandanın baş məşqçisi postundan göndərilən Canni de Byazinin yığmamızdakı fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə, hazırda boş qalan posta yerli məşqçi gətirilsə, daha yaxşı olmazmı?
- Bu haqda ətraflı nəsə demək çətindir. Nəticədən ən çox azarkeşlərin razı qalması önəmlidir. Baş məşqçinin yerli mütəxəssis olması üstünlükdür. Ancaq o postda kim daha uğurlu olacaq, bunu öncədən demək mümkün deyil. Hər şeyi zaman göstərər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest