Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır. Matc.az saytının məlumatına görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.

60 kq

Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk rəqibi polşalı David Andrey Ersetiçi 9:0 hesabı ilə məğlub edib. Güləşçimiz 1/4 finalda Lenur Teymurova da qalib gəlməyə çox yaxın idi. Lakin ukraynalının əzmkarlığı və idmançımızın erkən təslim olması rəqibə 10:5 hesablı qələbə qazandırıb.

67 kq

Kamran Məmmədovun da ilk görüşü 1/8 finala təsadüf edib. Kamran əvvəlcə Fredrik Holmquist Byerrehuusu (Danimarka) yolundan kənarlaşdırıb - 5:0. Lakin güləşçimiz 1/4 finalda Mate Nemes səddinə ilişib. Gərgin mübarizədə serbiyalı 2:1 hesablı qələbəyə sevinib.

72 kq

Ülvi Qənizadə isə AÇ-yə təsnifat mərhələsindən başlayıb. O, ilk rəqibi Anatoli Popov (Moldova) önündə çətinlik yaşamasa da (9:0), 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb - 2:7.

82 kq

Rafiq Hüseynov 1/8 final mərhələsindəki rəqibi Peter Naqiyə (Macarıstan) 2:4 hesabı ilə yenilib.

97 kq

Orxan Nuriyevin də birinci görüşü 1/8 finalda olub. Pəhləvanımız ermənistanlı Artur Şahinyana gücünü göstərib (3:0). O, 1/4 finalda Kiril Milovla üz-üzə gəlib. Komanda yoldaşları kimi, Orxan da yarımfinal üzü görməyib. Bolqarıstan təmsilçisi ilə görüş 1:1 hesabı ilə nəticələnsə də, qələbə rəqibə verilib.

***

Bundan başqa ötən gün mübarizəyə qoşulmuş atletlərimiz medallar uğrunda yarışıb.

55 kq

Eldəniz Əzizli ilk görüşündə serbiyalı Sebastyan Kolomparı döşək üzərinə çıxamağına peşman edib - 9:0. Əzizli 1/4 finalda Nuqzari Tsurtsumianı (Gürcüstan) da eyni hesabla məğlub edib. Yarımfinala adlayan güləşçimizin final yolunu Vitali Kabaloyev kəsib. Rusiyalıya 5:7 hesabı ilə uduzan Əzizli bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Şerif Kılıç (Türkiyə) olub. 8:0 hesablı qələbə qazanan Əzizli yarışı "bürünc"lə başa vurub.

63 kq

Taleh Məmmədov isə mübarizəyə Donior İslamovla (Moldova) start verib. Rəqibini 8:3 hesabı ilə məğlub edən idmançımız 1/4 finalda da rumıniyalı Mixai Mihutuya çətinliklə qalib gəlib - 8:7. Məmmədov yarımfinalda Stiq-Andre Berge (Norveç) ilə qarşılaşıb. Bu rəqibinə yenilən pəhləvanımız "bürünc" uğrunda Slavik Qalstyanla (Ermənistan) üz-üzə gəlib və 6:2 hesablı qələbə qazanıb.

77 kq

Elvin Mürsəliyev ilk görüşündəcə gözlənilmədən alman Roland Şvartsa yenilib - 0:6. Amma rəqibinin mübarizəni davam etdirməsi Elvinə medal şansı yaradıb. Bunun üçün pəhləvanımız ilk növbədə erməni Arsen Culfalakyanı yolundan kənarlaşdırmalı idi. Lakin 1:2 hesabı ilə uduzan Elvinin "bürünc" şansı ürəyində qalıb.

87 kq

Elvindən fərqli, İslam Abbasov almanla dueldən qalib ayrılıb. Belə ki, Denis Kudlanla görüş 1:1 hesabı ilə nəticələnsə də, qələbə idmançımıza verilib. Abbasov 1/8 finalda Rusiya təmsilçisi Davit Çakvetadze üzərində çətin qələbə qazanıb - 2:1. Pəhləvanımız 1/4 final mərhələsində ermənistanlı Maksim Manukyana heç bir şans verməyib (6:1) və yarımfinala yüksəlib. Abbasovun bu mərhələdəki rəqibi isə Belarus təmsilçisi Nikolay Stadub olub. Rəqibinə 4:0 hesabı ilə qalib gələn İslam finalda ukraynalı Jan Belenyukla görüşüş və məğlub olub - 1:5.

130 kq

Sabah Şəriəti də yarışa qələbə ilə başlayıb. O, təsnifat mərhələsində Stepan Davidi (Çexiya) üstələyib - 7:1. Lakin güləşçimiz 1/8 finalda 8 qat Avropa çempionu Rıza Kayaalp (Türkiyə) səddinə ilişib - 0:5. Şəriəti təsəlliverici görüşdə xorvatiyalı Ante Milkoviçə asanlıqla qalib gəlməsinə baxmayaraq (10:2), Alin Çiraiuya 0:2 yenilərək, bürünc medal şansını itirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest