Beynəlxalq Futbol Statistikaları və Tarixi Federasiyası (İFFHS) klubların yeni futbol reytinqini açıqlayıb.

Matc.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 503 klubu yer alıb. Azərbaycanın bu sıralamada 4 komandası var.

Təmsilçilərimizdən ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Çempionlar Liqasında mübarizə aparan Qurban Qurbanovun komandası 197,25 xalla 34-cüdür. “Köhlən atlar” əvvəlki siyahıya nisbətdə 5 pillə irəliləyib.

Konfrans Liqasında çıxış edən “Zirə” sıçrayış edib. Rəşad Sadıqovun komandası 81 pillə irəliləyib. Qəsəbə klubu 76,25 xalla 280-cidir.

Konfrans Liqasında mübarizə aparan digər təmsilçimiz “Sabah” 3 pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pillə geriləyən “Neftçi” isə 57 xalla 431-cidir.

Qeyd edək ki, siyahıya 371 xalla “Real” liderlik edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest