“Sumqayıt”ın prezidenti Riad Rəfiyevin idman jurnalistlərini prokurorluğa şikayət etməsi idman ictimaiyyətində geniş ajiotaja səbəb olub. Matc.az xəbər verir ki, istər media nümayəndələri, istərsə də azarkeşlər bu addımına görə klub prezidentini sərt şəkildə tənqid ediblər.

Maraqlıdı ki, tənqidçilər arasında hətta “Sumqayıt” fanatları da var. Onlardan biri Tərxan Paşazadə bununla bağlı sosial şəbəkə vasitəsilə fikirlərini bildirib. O, məhz Rəfiyevə görə “Sumqayıt” azarkeşliyindən imtina etdiyini söyləyib:

“Onsuz da bərbad gündə olan Azərbaycan futbolunda növbəti xoşagəlməz hadisə yaşanıb. Azarkeşi olduğum doğma “Sumqayıt”ın hörmətli prezidenti cənab Riad Rəfiyev, onun fəaliyyətini tənqid etdiyinə görə iki jurnalist dostumuzu - Anar Şabanoğlunu və İxtiyar Əsgərovu prokurorluğa şikayət edib. Prokurorluğa dəvət edilən baş redaktorlara xəbərdarlıq edilərək 20 sutkaya qədər həbs oluna biləcəkləri bildirilib.

Azarkeş olaraq, klubumuzun rəhbərinin idman jurnalistlərinə qarşı atdığı addımı pisləyir və onun bu hərəkətini qətiyyən dəstəkləmirəm. Ölkəmizin hüquq-mühafizə orqanlarını belə məsələlərlə məşğul etmək düşünürəm ki, doğru deyil.

Bu gün peşəkar jurnalistlərdən hüquq-mühafizə orqanlarına şikayət edən klub rəhbəri, sabah bizim kimi sıravi azarkeşlərdən də şikayət edər.

Ona görə də qeyd etdiklərimi nəzərə alaraq, mənim üçün çətin olsa da, bundan sonra cənab Riad Rəfiyevin prezidentliyi nə qədər davam edəcəksə, bir o qədər müddət ərzində də doğma “Sumqayıt”a azarkeşliyimi dondururam.

Cənab Riad Rəfiyevi “Sumqayıt”ın prezidenti postundan istefa verməyə dəvət edirəm. Yəqin ki, bu dəvətimə görə o, məni də hüquq-mühafizə orqanlarına şikayət etməz”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest