Polşa millisinin sabiq yarımmüdafiəçisi Qjeqoj Krixovyak peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə öz “Instagram” hesabında məlumat verib.

“Yeni çağırışların vaxtı çatıb. Futbol məni təkcə oyunçu kimi deyil, həm də insan kimi formalaşdırdı. Mən xoşbəxt futbolçuyam. Heç nəyə görə peşman deyiləm və heç nəyi dəyişmək istəməzdim. Karyeramı olduğu kimi qəbul edirəm - sevinc və uğur anları ilə yanaşı, məni çox şeyə öyrədən çətin mərhələlərlə birlikdə.

Yaxşı və pis günlərdə yanımda olduqlarına görə qəlbimin dərinliklərindən azarkeşlərə təşəkkür edirəm. Həmçinin meydanı paylaşmaq şərəfinə nail olduğum bütün futbolçulara və bu yolda mənə dəstək olan hər kəsə minnətdaram.

Ailəmə və sevimli həyat yoldaşıma təşəkkür edirəm. Siz olmasaydınız, bunların heç birinin mənası olmazdı”.

Qeyd edək ki, Krixovyak karyerası ərzində "Bordo", "Reyms", "Nant", "Vest Bromviç", "Sevilya", PSJ, "Lokomotiv" (Moskva), "Krasnodar", AEK, "Əl-Şəbab", "Abha" və "Anartosis"də çıxış edib. O, Polşa millisinin heyətində keçirdiyi 100 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest