“Lill”in prezidenti Olivye Letan Avropa Liqasının PAOK-a qarşı oyunundakı hakimliklə bağlı reaksiyasına görə intizam cəzası ala bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Avropa Liqasının III turunda Fransa təmsilçisi Yunanıstan klubuna 3:4 hesabı ilə uduzub. Oyundan sonra Letan açıq şəkildə hakimlərin qərarlarından narazılığını bildirib.
Mənbənin məlumatına görə, final fitindən dərhal sonra “Lill” rəhbəri baş hakim Nikola Dabanoviçə yaxınlaşaraq telefonunu göstərib və “Mən Çeferinə zəng edirəm, bu, tam dəlilikdir” deyib.
UEFA bu hadisəni araşdıraraq Letana qarşı cərimə və ya qısamüddətli diskvalifikasiya tətbiq edə bilər.
Qeyd edək ki, bu mövsüm Letan artıq bir dəfə hakimləri tənqid etdiyi üçün cəzalandırılıb. “Lion”la oyundan sonra o, bir matçlıq diskvalifikasiya və iki oyunluq şərti cəza almışdı.
Üç turun nəticəsinə əsasən, “Lill” Avropa Liqasının Liqa mərhələsində 6 xal toplayıb.












