 
 
Fransa polisi Luvr muzeyində baş vermiş səs-küylü oğurluq hadisəsində şübhəli bilinən dörd nəfəri “Paris” – “Lion” oyunundan əvvəl saxlayıb.
Matc.az xəbər verir ki, əməliyyat ötən gün “Jan Buen” stadionunun yaxınlığında baş verib. Fransız mediasının məlumatına görə, həmin şəxslər azarkeşlərlə birlikdə sakitcə giriş növbəsində dayanarkən xüsusi BRB briqadasının əməkdaşları sürətli əməliyyat keçirərək onları saxlayıblar.
Luvrdakı oğurluq bir neçə gün əvvəl – oktyabrın 19-da, bazar günü baş vermişdi. Cinayətkarlar Sena çayı sahilindəki təmir işlərindən istifadə edərək muzeyə yük liftindən daxil olublar. İki nəfər Aprelon Qalereyasına daxil olub, üçüncü şəxs isə çöldə gözləyib.
Muzeydən Napoleon və imperatriça Jozefinaya məxsus zərgərlik kolleksiyasından doqquz əşya, o cümlədən boyunbağı, bross və diadema oğurlanıb. Ən qiymətli eksponat 140,64 karatlıq “Reqent” almazı isə yerində qalıb.
Oğurlanmış zinət əşyalarının dəyəri 88 milyon avro məbləğində qiymətləndirilir. Polis indiyədək altı şübhəlini saxlayıb, lakin bəzək əşyaları hələ də tapılmayıb.

 
             
 















