Bir neçə gün öncə "Keşlə" ilə müqavilə bağlayan İqor Yovanoviç menecer Miloş Kostiçin müştərisidi. Bu sloveniyalı agent ölkəmizə həm də Vangelis Platellası gətirmiş adamdı.

Bir menecerin iki və daha artıq futbolçuyla işləməsi normaldı, lakin onlar eyni ölkənin fərqli klublarındadısa, sonradan ciddi problemlər ortaya çıxır. Baxmayaraq ki, Azərbaycanda bu mədəniyyətə çoxdan tüpürülüb. Xüsusilə yerli menecerlər az qala bütün klublara futbolçu gətirir, sonra da pərdəarxası oyunlar çevirirlər.

Yovanoviç olayında qəribə olan digər məqam bu futbolçunun "Keşlə"yə gəlməsində başqa təmsilçimizin rəsmisinin vasitəçi olmasıdı. Platellası "Neftçi"yə gətirən bakılıların idman direktoru Ceyhun Sultanov – deyilənə görə - xorvat futbolçuya görə alınan kompensasiya da şərikdi. Kostiçi "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundovla o tanış edib və əməkdaşlıq reallaşıb.

Bu, Sultanovun ilk belə təcrübəsi deyil. Ceyhun bəy "Sumqayıt"da çalışarkən də müxtəlif klublarımıza futbolçu göndərirdi. Pablo Podio özü də "Keşlə"yə Sultanovun vasitəçiliyi ilə gəldiyini mətbuatda etiraf etmişdi. Cəmi bir matça çıxan futbolçu 70-80 min dolları oynamadan qazanmışdı. İndi ortada Yovanoviç faktı var və "Neftçi"ylə "Keşlə" növbəti çempionatda 4 dəfə qarşılaşacaq, hər dəfə də İqorun oyunu diqqət mərkəzində olacaq.

"Neftçi" yay transfer pəncərəsi dövründə 4 futbolçu ilə güclənib. Onlardan üçü "Qəbələ"dən tanıdıqlarımızdı, biri isə yenidən "Neftçi"yə qayıdıb. Bildiyimizə görə, Sultanov il boyu xaricdə futbolçu axtarışında olub, Balkanlardan Yunanıstana kimi çox ölkəni gəzib. Amma bakılıların bütün transferləri ölkə daxilindəndi, əvəzində yeni tapıntılar "Keşlə"nin düşərgəsində peyda olur. Əcəba, bu səfərlərə görə xərclənən pullar "Neftçi"nin büdcəsindən çıxmayıbmı? ümid edirik, klub rəhbərliyi bu məsələni araşdırar.

"Keşlə"yə gəlincə, ötən mövsüm Axundova dərs olmayıb. "Məni aldatdılar" deyə fəryad edən, futbolçuların seleksiyasından narazı olan Zaur bəy yenə istənilən dostunun təklifinə "hə" deyir. Bu klubda heyətin komplektləşdirilməsi həvəskar səviyyədə aparılır, bütün menecerlərin kluba futbolçu götürtmək imkanı var. Futbolçuların səviyyəsindən asılı olmayaraq, Axundova bircə zəng müsbət cavab almaq üçün kifayət edir.

Komanda uğursuzluğa düçar olanda, yenə autsayderlər qrupunda qərarlaşanda isə Zaur bəy məşqçiləri, digər işçiləri dəyişib, özünü təmizə çıxarmağa çalışacaq. Halbuki sabahkı uğursuzluqların təməlini özü indidən qoyur. Görəsən, Yovanoviç o qədər səviyyəli oyunçudusa, niyə "Neftçi"yə yox, daha az büdcəli "Keşlə"yə gətirilib? Axundov bu sualı Sultanova versə, pis olmaz.

"Neftçi" rəhbərliyi ağıllıdı. Qoran Paratski, Slavko Braliç, Kvame Karikari və başqa uğursuz transferlərdən sonra Sultanovun gətirdiklərindənsə, çempionatda izlədikləri, hamının tanıdığı əcnəbiləri heyətə qatır. Axundova isə Podio dərsi kifayət etməyib.

futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest