Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo Beynəlxalq Futbol Federasiyasının (FİFA) yeni prezidenti seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.
Matc.az xəbər verir ki, bu barədə "Footmercato" idman nəşri məlumat yayıb.
Diallo məsələ ilə bağlı fikirlərini bölüşüb: "İcraiyyə komitəsindəki həmkarlarımla hesab edirik ki, Canni İnfantinoya göstərilən etimad itirilib. Hazırda futbolun idarə olunma forması bizim təsəvvürlərimizə uyğun gəlmir. UEFA-dakı müzakirələrə insanları birləşdirə biləcək legitim bir layihə ilə töhfə vermək üçün bir sıra məsləhətləşmələrə başlamaq qərarına gəldik. Doğru zamanda növbəti seçkilərdə maraqlarımızı təmsil edəcək namizəd müəyyənləşəcək".
Federasiya alternativ fəaliyyət proqramı hazırlamaq üçün idman idarəçiliyi sahəsində Fransa və digər ölkələrin mütəxəssisləri ilə məsləhətləşmələr aparmağı planlaşdırır. FFF İnfantinonun yenidən seçilməsinə qarşı çıxacaq namizədin ətrafında tərəfdarları birləşdirmək niyyətindədir. Məsləhətləşmələrin iştirakçılarından biri də bu yay qurum rəhbərini tənqid etdikdən sonra FİFA-dan qovulan Kevin Lamur olacaq.
Dəstəyin geri çəkilməsi qərarı İnfantinonun 2026-cı ilin yayında irəli sürdüyü təşəbbüslə bağlıdır. O, FIFA Forward Enterprise kommersiya strukturunun yaradılmasını və səhmlərin 20 faizə qədərinin özəl investorlara satılmasını təklif edib. Həmin investorlar dünya çempionatlarının kommersiya hüquqları üzərində nəzarəti əldə etməli idilər. Bu ideya UEFA, KONKAKAF, AFC və KONMEBOL tərəfindən rədd edilib. Kəskin tənqidlərdən sonra FİFA prezidenti bu layihədən imtina edib.
Qeyd edək ki, təşkilatın prezidenti seçkiləri 2027-ci il martın 18-də keçiriləcək.













