Entso Fernandesin açıqlamaları qalmaqal yaratdıqdan sonra "Çelsi" yarımmüdafiəçisini cəzalandırıb.

Matc.az xəbər verir ki, argentinalı futbolçu komandanın növbəti iki oyununda iştirak etməyəcək.

London təmsilçisinin baş məşqçisi Liam Rozenyor oyunçunun Federasiya Kubokunda "Port Vale" ilə, eləcə də Premyer Liqada "Mançester Siti" ilə matçı buraxacağını təsdiqləyib.

Bu qərarın səbəbi Fernandesin milli fasilə zamanı verdiyi açıqlamalar və "Real"a mümkün transferi ilə bağlı yayılan şayiələrdir. "Çelsi"də hesab edirlər ki, futbolçu komandanın daxili prinsiplərini pozub və buna görə də ona intizam tədbirləri tətbiq olunub.

25 yaşlı yarımmüdafiəçi Argentina yığmasının düşərgəsində olarkən mövsümün sonunda "Çelsi"dən ayrılma ehtimalını istisna etməyib, həmçinin Madrid şəhəri haqqında müsbət fikirlər səsləndirib ki, bu da transfer şayiələrini daha da gücləndirib.

Buna baxmayaraq, oyunçunun London klubu ilə müqaviləsi 2032-ci ilə qədər qüvvədədir. Klub onun üçün yalnız 100 milyon funt sterlinqdən yuxarı təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Entso Fernandes "Çelsi"nin heyətində cari mövsümdə 46 oyunda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest