"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandadan ayrıldıqdan sonra planlarını açıqlayıb.

Matc.az xəbər verir ki, o, yorulduğunu etiraf edib:

"İndi istirahət etməyin vaxtıdır. Yaxın gələcək üçün məşqçilik etmək planım yoxdur. Əks halda, burada qalardım. Bir az istirahətə ehtiyacım var.

Komandaya rəhbərlik edərkən hər üç gündən bir titul uğrunda mübarizə aparmaq üçün lazım olan enerjiyə sahib olmadığımı hiss edirəm. Bilirəm ki, bu enerjiyə sahibəm, amma hiss edirəm ki, artıq kifayət edən deyil.

10 il keçib. Bu cür vacib qərarlar ambisiyam olmadığı və ya yenidən cəhd etmək istəmədiyim üçün deyil, indi mükəmməl an və vaxt olduğu üçündür".

Xatırladaq ki, "Mançester Siti" dünən Qvardiolanın cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. İspan məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu, lakin tərəflər tərəfdaşlıqlarına erkən son qoymaq qərarına gəliblər.

Qvardiolanın "Mançester Siti"nin baş məşqçisi kimi vida matçı mayın 24-də keçiriləcək Premyer Liqanın 38-ci turunun "Aston Villa" ilə oyunu olacaq.

Qvardiola 2016-cı ilin yayından bəri "Mançester Siti"yə rəhbərlik edir. 10 illik rəhbərliyi dövründə o, klubla 6 İngiltərə çempionluğu, 3 FA Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və 2023 FIFA klublararası dünya çempionluğu qazanıb.

Ümumilikdə, Qvardiola "Mançester Siti"də 592 oyunda 416 qələbə qazanıb, 87 heç-heçə edib və 89 qarşılaşmada məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest