Fransanın "Mets" və Niderlandın "Fortuna Sittard" kişilərdən ibarət komandaları arasında keçirilən yoxlama matçında hakim Matilda Demonkay beyin silkələnməsi xəsarəti alıb.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, bu hadisə futbolçular arasında düşən dava zamanı baş verib. Niderland komandası oyunçusunun əks-həmləsinin qarşısını "Mets"in 28 yaşlı müdafiəçisi Cessi Daminqe rəqibin formasından dartmaqla kəsib.
Bu insident nəticəsində görüşün 40-cı dəqiqəsində futbolçuların iştirakı ilə kütləvi qarşıdurma yaranıb. Hər iki komandanın oyunçularını sakitləşdirməyə çalışan fransalı qadın hakim qazona yıxılaraq başından zədə alıb.
Bütün bu hadisələr stadionun kiçik tikilisinin üzərində yazılmış "Hakimə hörmət edin" ifadəsinin qarşısında cərəyan edib.
Tibb heyəti operativ şəkildə Demonkaya ilk yardımı göstərib və o, yan xətt hakimi kimi fəaliyyətini bərpa edib. Lakin fasilədən sonra onu ehtiyat hakim əvəzləyib.
Oyun özü "bordo"ların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Klublar isə hakimlə bağlı insidentə münasibət bildirməyiblər.













