Məhkəmə yetkinlik yaşına çatmayan qızların iştirakı ilə intim videonun yayılması işi üzrə Madrid "Real"ının müdafiəçisi Raul Asensyonun bəraət aldığını və üzərindəki bütün ittihamların tamamilə götürüldüyünü elan edib.
Matc.az xəbər verir ki, bu barədə The Athletic nəşri məlumat yayıb.
Bildirilir ki, bu qərar iş üzrə əsas iştirakçılar olan Asensyonun digər üç sabiq komanda yoldaşı – Ferran Ruis, Xuan Rodriqes və Andres Qarsiyaya şamil edilmir.
Onlar təqsirli bilinərək 1 il şərti həbs cəzası alıblar. Bundan əlavə, onlara 2 il ərzində cinayətlərinin qurbanlarına yaxınlaşmaq, 3 il ərzində isə uşaqlarla təmas tələb edən vəzifələrdə işləmək qəti şəkildə qadağan edilib.
Məhkəmə bu hökmü zərərçəkmiş qızların təqsirləndirilən şəxsləri bağışladıqlarını bəyan etməsindən sonra çıxarıb.
Xatırladaq ki, Asensyo ilkin olaraq bu işdə şahid qismində iştirak edirdi, lakin sonradan futbolçuya qarşı bu videoların yayılması ittihamı irəli sürüldü. "Kral klubu"nun oyunçusu vəkilləri ilə birlikdə əvvəldən bu işlə heç bir əlaqəsinin olmadığını təkzib edirdi.
Ümumilikdə araşdırma hələ 2023-cü ildə, biri 16 yaşından kiçik olan iki qızın razılıqları olmadan intim xarakterli videonun yayılması ilə bağlı polisə ərizə verməsi ilə başlayıb.
Qeyd edək ki, bu, sözügedən oyunçunun qanunu ilk dəfə pozması deyil. Ötən gün Qran-Kanariyanın cənubunda yerli polis Asensyonu sərxoş vəziyyətdə özünün "Porsche Macan GTS" markalı avtomobilini idarə edərkən saxlayıb. Məhkəmə araşdırmasının nəticələrinə görə, futbolçu 14 400 avro məbləğində cərimələnib və növbəti 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Ötən mövsüm 23 yaşlı yarımmüdafiəçi klubun heyətində 34 matça çıxıb, bu oyunlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə Asensyo sağ ayağının düz bud əzələsinin zədələnməsi səbəbindən hələ meydana çıxa bilməyib.













