PSJ sol cinah vingeri Xviça Kvaratsxeliyanı komandada saxlamaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" idman nəşri məlumat yayıb.

Bildirilir ki, PSJ gürcüstanlı futbolçuya 2030 və ya 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edəcək. Sazişdə paytaxt təmsilçisinin aparıcı oyunçusu üçün maaş artımı da nəzərdə tutulmalıdır.

Klubla vinger arasında danışıqlar artıq başlayıb. Tərəflərin yaxın vaxtlarda razılığa gələcəyi istisna edilmir.

Kvaratsxeliyanın Fransa nəhəngi ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir, "Transfermarkt" portalı isə onun dəyərini 140 milyon avro qiymətləndirir.

Xatırladaq ki, gürcüstanlı futbolçu 2025-ci ilin yanvarında İtaliyanın "Napoli" klubundan transfer olunduqdan bəri Liqa 1 təmsilçisində çıxış edir. O, həmin vaxtdan bəri parislilərin forması ilə 84 oyuna çıxıb (28 qol və 19 məhsuldar ötürmə). Yeni 2026/27 mövsümündə isə artıq 4 matçda iştirak edib və bir qolla yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest