Ukrayna və Polşa futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə sifariş vermək imkanlarını nəzərdən keçirirlər.
Matc.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Çempionatın keçirilməsi üçün ən yaxın boş tarixlər 2040-cı illərdədir. Ona görə də biz indidən bu perspektiv üçün planlar hazırlamalıyıq", - deyə Ukraynanın gənclər və idman naziri Matvey Bednı açıqlama verib. O xatırladıb ki, Ukrayna və Polşa artıq 2012-ci ildə futbol üzrə Avropa çempionatına birgə ev sahibliyi ediblər. Onun sözlərinə görə, turnirin keçirilməsi Ukraynaya investorların diqqətini cəlb etməyə imkan verəcək.
Bununla belə, o, çempionat üçün sifariş vermək ideyasının hələlik rəsmi olmadığını bəyan edib: "Biz bu məsələdə maraqlıyıq, lakin bu (rəsmi sifarişin irəli sürülməsi) idman ictimaiyyətinin və ya idman federasiyalarının təşəbbüsləri ilə başlayır. Ona görə dəbu məsələyə baxacağıq".
Bu ideya həmçinin bu il Qdanskda keçirilən Ukraynanın bərpası üzrə konfrans çərçivəsində də müzakirə olunub. Ali Radanın Gənclər və İdman Komitəsinin sədri Vasili Mokan nəşrə bildirib ki, komitə belə bir sifarişin verilməsi imkanlarının müzakirə olunduğu barədə rəsmi məlumat almayıb. Polşanın İdman və Turizm Nazirliyi isə jurnalistlərin şərh sorğusuna cavab verməyib.
Nəşr həmçinin xüsusi olaraq qeyd edir ki, hazırda Ukraynada nasist cinayətkarlarının qəhrəmanlaşdırılmasının davam etməsi səbəbindən Varşava və Kiyev arasında münasibətlər gərgindir. Polşanın İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (CBOS) avqust ayında keçirdiyi sorğunun nəticələrinə görə, Polşa sakinlərinin rekord həddə – 46 faizi Ukrayna ilə ikitərəfli münasibətlərin vəziyyətini mənfi qiymətləndirir.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək, 2034-cü il mundialına Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək, 2038-ci il turnirinin ev sahibi isə hələ müəyyənləşməyib, lakin ABŞ və Almaniya bu turniri keçirməyə maraq göstərirlər.













