"Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışdan, mübarizədən narazı qalmadım".

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IV turunun "Sabah"la (5:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, o, oyunla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb. 

- Oyuna ilk dəqiqələrdən fəal başladıq. Çalışırdıq ki, oyuna nəzarət edək. Bu da bizdə pis alınmırdı. "Sabah" isə ilk hücumunda qol vurdu. 3-5 dəqiqə keçdikdən sonra yenə kobud səhvə yol verdik. Bilmirəm, penalti epizodu penaltidir, ya yox... 2:0-dan sonra oynamaq çətin idi. Amma futbolçularım özündə güc tapıb mübarizəyə davam edirdilər. Hesab 5:0-dır. Amma mən futbolçuların göstərdiyi oyundan ümumən narazı deyiləm. Oynayırdılar, topa nəzarət bəzən rəqibdə, bəzən bizdə idi, eyni səviyyədə olurdu. Qol epizodları yaratmaq da eyni səviyyədə idi. Onlar 6 qol epizodu yaratdılar, 5-dən istifafə etdilər. Bizdə 4-5 yaxşı qol epizodu oldu. Amma biz istifadə edə bilmirdik.

Bu gün iki komanda arasında yeganə fərq bitiricilik, son zərbələr idi. Bir də, ikinci və üçüncü qolda müdafiədə buraxdığımız kobud səhvlər... Bu gün "Sabah"a qarşı fərqli oynamağa, daha hücumameyilli, açıq futbol oynamağa çalışırdıq. Oyun planında pis alınmırdı. Ancaq "Sabah" bizi bu gün bitiricilikdə üstələdi. Rəqibi layiqli qələbə münasibəti ilə təbrik edirəm. Beş gündən sonra "Mançester Yunayted"lə səfərdə oynayacaqlar. O oyunda da "Sabah"a uğurlar arzulayıram.

- Ola bilər ki, futbolçular ilk üç turdan sonra arxayınlaşmışdılar?

Onu hiss etmədim. Niyə yalan deyim? Hiss etsəm, bunu deyərəm. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışdan, mübarizədən narazı qalmadım. İkinci və üçüncü qolu çox sadə buraxdıq, özümüz də xeyli qol epizodu qaçırdıq. "Sabah"ın gücü isə hamıya bəllidir. Buna baxmayaraq, futbolçularım meydanda yaxşı oynadılar. Hesab 5:0 olsa da, mən bu oyundan pozitiv enerji ilə ayrılıram. Futbolçular, məşqçilər heyəti də bu oyundan lazımı nəticəni çıxaracaq, səhvlər üzərində daha çox işləyib, daha güclü geri dönəcəyik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest