Niderland millisi, “Ayaks” və “Bavariya”nın keçmiş baş məşqçisi Lui van Qal Çempionlar Liqasının yenilənmiş formatı ilə bağlı UEFA-nı sərt tənqid edib. Matc.az xəbər verir ki, 75 yaşlı tanınmış mütəxəssis Avropa futbol qurumunu idmançıların sağlamlığına məhəl qoymamaqda və yalnız mənfəət əldə etmək istəyi ilə hərəkət etməkdə günahlandırıb.
Onun sözlərinə görə, UEFA-nın ortaya çıxardığı format absurddur: “İndi istənilən komanda iştirak edə bilər. UEFA yalnız necə pul qazanmaq barədə düşünür. Bu, korrupsiyaya uğramış bir dünyadır”.
Niderlandlı məşqçinin fikrincə, turnirin süni şəkildə genişləndirilməsi və oyun cədvəlinin həddindən artıq yüklənməsi tamaşanın keyfiyyətini birbaşa aşağı salır və aparıcı oyunçular arasında zədə epidemiyasına səbəb olur.
"Bunun adı Çempionlar Liqasıdır, elə deyilmi? Burada ən yaxşı komandalar çıxış etməlidir. Komandalar arasında keyfiyyət fərqi daha az olardı, qolların sayı da azala bilərdi, lakin oyunların özü daha yüksək səviyyədə keçərdi. Daha çox oyun – daha çox zədə deməkdir", – deyə təcrübəli mütəxəssis fikrini yekunlaşdırıb.
Xatırladaq ki, UEFA özünün əsas klub turnirində köklü dəyişikliklər edib. Ənənəvi qrup mərhələsi "İsveç sistemi" ilə əvəz olunub: 36 komandanın iştirak etdiyi vahid liqa mərhələsində hər bir iştirakçı müxtəlif rəqiblərə qarşı səkkiz oyun keçirir.




_1558556132.jpg)








