Məhkəmə iclasında həmçinin bildirilib ki, ittiham tərəfinin xahişinə əsasən, təqsirləndirilən şəxslərdən biri - həkim Pedro Di İspaniya barəsində bəraət qərarı çıxarılıb
Argentina məhkəməsi futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı cinayət işi üzrə yekun hökmün elan olunacağı tarixi açıqlayıb. Matc.az TASS-a istinadən xəbər verir ki, məhkəmənin qərarı 2026-cı il dekabrın 22-də, yerli vaxtla saat 12:00-da bəyan ediləcək.
Məhkəmənin hakimi Alberto Qayq qərara belə aydınlıq gətirib: “Məhkəmə prosesinin miqyasını və mürəkkəbliyini, həmçinin təhlil olunacaq sübutların həcmini nəzərə alaraq, hərtərəfli və əhatəli araşdırma aparmaq üçün kifayət qədər vaxt ayrılmasını zəruri hesab edirik. Hökmün elan edilməsi və - zərurət yarandıqda - digər təqsirləndirilən şəxslərə cəzaların təyin olunması dekabrın 22-də baş tutacaq”.
Məhkəmə iclasında həmçinin bildirilib ki, ittiham tərəfinin xahişinə əsasən, təqsirləndirilən şəxslərdən biri - həkim Pedro Di İspaniya barəsində bəraət qərarı çıxarılıb.
Qeyd edək ki, 2022-ci ilin iyununda prokurorluq Maradonanın ölümü ilə bağlı 8 tibb işçisinə qarşı ağırlaşdırıcı hallarda ehtiyatsızlıqdan adamöldürmə maddəsi üzrə ittiham irəli sürmüşdü. İstintaq futbolçunun 2020-ci il noyabrın 11-də keçirdiyi beyin əməliyyatından sonra ev şəraitində aldığı yetərsiz tibbi xidmət üzərində cəmlənib. Hazırda iş üzrə 6 tibb işçisi müqəssir qismində mühakimə olunur.
Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında vəfat edib. Onun ölümünə ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığı gətirib çıxarıb.


_1558556132.jpg)










