"Sabah" Azərbaycan Premyer Liqasının V turu çərçivəsində səfərdə "Şəfa"nı 3:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, son çempionun baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Mançester Yunayted"lə oyundan sonra Maykl Kerriklə söhbətiniz oldu. Bilmək olar nə danışdığınızı?
- Bu, mənimlə Kerrik arasında olan sirdir.

- Bu oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- "Mançester Yunayted"lə matçdan sonra bu cür oyunlara köklənmək çətindir. Oyunçularımın yanaşmasından razı qaldım. Onlar çox yaxşı çıxış etdilər. "Old Trafford"dan sonra burada oynamaq o qədər də asan deyil. Bəzi şeylər var idi ki, onları bəyənmədim. Birinci hissədə etdiyimiz səhvlər var idi. Rəqib qapımıza 5-6 zərbə endirdi. Heyətdə 6 rotasiya etmişdik. Oyuna çox yaxşı başladıq, qollar vurduq. "Şəfa"nın da haqqını vermək lazımdır. Çox yaxşı oyun planları var. İkinci hissəyə də yaxşı başladıq. Topa nəzarət edən tərəf biz idik. Ümumilikdə deyə bilərəm ki, oyundan razıyam. Bu qələbəni unuduruq. "İmişli" ilə oyuna köklənməliyik.

- "Mançester Yunayted"lə oyunda açıq futbol oynamağınız tənqidlərə səbəb oldu. Bununla bağlı fikirləriniz necədir?
- Bu gün "Şəfa" ilə oynamışıq. "Mançester Yunayted"lə oyun haqda danışmışıq. Bilirsiz dünyada ən asan iş nədir? Hansısa komandanı tənqid etmək asan işdir. Hər kəs istədiyi kimi danışa bilər. İşimizi mükəmməl şəkildə görməyə çalışırıq. Azarkeşlər tənqid etməlidir. Bunu anlayırıq. Amma bunların heç biri bizə təsir etmir. Gördüyünüz kimi oyunumuza köklənmişik. Çox ağır səfərdən sonra burada qələbə qazanmışıq.

- "Mançester Yunayted"lə oyundan sonra Rəhman Daşdəmirova olan tənqidlərə münasibətiniz necədir?
- Rəhmanı tənqid edənləri başa düşmürəm. Əvvəl deyirdilər ki, niyə azərbaycanlı futbolçular oynamır? Azərbaycanlı oyunçu Çempionlar Liqasında "Sabah"ı təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdır. Rəhman ölkədəki ən yaxşı üç futbolçudan biridir. Tənqidlər olacaq. Belə tənqidləri qəbul etmirəm. Rəhman və ya başqa futbolçularım nə ediblər? 33 oyun məğlub olmayan komanda çempion olub, kuboku qazanıb. Azərbaycanı Çempionlar Liqasında təmsil edirik. Nəyə görə oyunçularım tənqid olunmalıdır? Məsləhət görərdim ki, öz futbolçularımıza dəstək olaq. Onlar "Sabah" və Azərbaycan üçün böyük iş görüblər. 

- Yunes Laşabın Çempionlar Liqası heyətində yer almamasının səbəbi nədir?
- Bu suala dəfələrlə cavab vermişəm. Çempionlar Liqasında müəyyən kvota var. 25 futbolçu sifariş edə bilərsən. Bunlardan ən çoxu 17 nəfər əcnəbi olmalıdır. İstəyərdim ki, daha çox "Şəfa" ilə oyunu təhlil edək. Bütün oyunlar bizim üçün önəmlidir.

- Komanda 4 oyunda 11 qol vurub, qapısında qol görməyib. Bu stabilliyin davam edəcəyinə inanırsız?
- Onu ancaq Allah bilir. Biz oyundan-oyuna öz işimizə köklənirik. İndi nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək. Bizim möhtəşəm komandamız var. Çox xoşbəxtəm ki, bu cür heyətlə çalışıram. Bu komandanın böyük potensialı var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest