"Neftçi" eyforiyaya qapılmamalı, rəqibi düzgün qiymətləndirməli, hazırlığa ciddi yanaşmalıdı. Hətta zəif "Speranta" ilə oyunda ciddi qüsurlar göründü və güclü rəqiblər bunu bağışlamayacaq. Bakılıların müdafiədə və orta sahədə ciddi boşluqları var.

"Neftçi" avrokubok mövsümünə elə hesablarla başladı ki, tənqid üçün əlyeri qalmadı. "Speranta" hər nə qədər zəif olsa da, püşk bizimkilərə bu komandanı rəqib etmişdi. Və bakılılar cütün favoriti olduğunu meydanda darmadağınla sübut etdi.

Moldovada 3 cavabsız qolun ardı Bakıda ikiqat artığı ilə gəlincə, azarkeşlərin ürəyinə su səpildi. "Neftçi" nəticəylə, baxımlı futbolla iddiasına şübhə yeri qoymadı. Zəif "Speranta" gücünə uyğun zərbə qaldı və xüsusilə cavab matçı rəqib baş məşqçinin Kişinyovdakı sərsəmləməsinin ucuz bəhanə olduğunu göstərdi.

Vangelis Platellasın "Neftçi"də ilk qollarını vurduğu görüşdə bakılılar qarşısıalınmaz idi. Həmişə möhtəşəm olan azarkeşlərin dəstəyi ilə qollar sıralandı, avrokuboklarda rekord yeniləndi. Həm bir oyundakı, həm də cütün ümumi nəticəsinə görə "Neftçi" hamıdan önə çıxdı. Amma...

Bu nəticə heç kimi aldatmamalıdı. Qarşıdan Tula "Arsenal"ı ilə oyunlar gəlir və bakılıların işi çətin olacaq. Hər nə qədər debütant olsa da, Rusiya klubudu, bu ölkənin təmsilçiləri ilə mübarizədə isə həmişə boynubükük olmuşuq. Yalnız rəqibin avrokubok təcrübəsinin yoxluğu, bir də "Neftçi"nin əla əhval-ruhiyyəsi vəziyyəti dəqişə bilər. Əks halda, cütün favoriti "Arsenal"dı.

"Neftçi" eyforiyaya qapılmamalı, rəqibi düzgün qiymətləndirməli, hazırlığa ciddi yanaşmalıdı. Hətta zəif "Speranta" ilə oyunda ciddi qüsurlar göründü və güclü rəqiblər bunu bağışlamayacaq. Bakılıların müdafiədə və orta sahədə ciddi boşluqları var. Sonu Mustivarın sıraya dönməsi ilə vəziyyət qismən yaxşılaşıb, amma "Arsenal"ı sıradan çıxarmaq üçün başqa özəlliklərə də ehtiyac var. çünki Moldova klubu "Neftçi"nin komanda oyunundakı çatışmazlıqları tam görməyə imkan vermədi.

Bakılılar bir həftəyə 9 qol vurdu. Lakin onların heç birinə komandanın əsas forvardı Rauf Əliyev imza atmadı. Bu, ciddi qüsurdu. Düzdü, o, komanda üçün əla mübarizə apardı, oyundaşlarına fürsətlər yaratdı. Hətta bu da Raufun qolsuz qalmasına bəraət vermir. "Speranta" ilə oyunun nəticəsini futbolçuların ustalıq səviyyəsindəki fərq təyin etdi, Əliyev isə bu baxımdan ön planda deyildi.

"Neftçi"də komanda oyunu mükəmməl deyil. İlk matçda təsadüfi penalti, cavab görüşündə rəqib qapıçının hədiyyəsi hesabın açılması ilə nəticələndi. Buna qədər isə meydanda bərabər oyun gedirdi. Bəli, təmsilçimiz güclü idi, lakin fakt odu ki, rəqibi ruhdan salan, oyun intizamını pozan ilk qollar vurulana kimi üstünlüyümüz tabloda əksini tapmırdı. ümid edək ki, tulalılarla matçdan sonra daha mobil təsir bağışlayan "Neftçi"dən danışacağıq.

Həmişə tənqid etdiyimiz Roberto Bordini bu dəfə tərifləməliyik. Əvvəla ona görə ki, tənqidlərdən nəticə çıxarıb, əvvəlki kimi qorxaq taktikayla səhnəyə çıxmır, potensialdan düzgün yararlanır. İkincisi, italiyalı ölkə futboluna gənclər qazandırmaqda davam edir. ötən mövsüm ömər Buludovu səhvlərinə rəğmən, daim oynadan məşqçi, indi də başqa bir istedad kəşf edib. Qol vurmağa da imkan tapan İsmayıl Zülfüqarlı Bordinin seçdiyi akademiya yetirməsidi və 18 yaş 3 aylığında beynəlxalq təcrübə qazanması ona kömək olacaq. Bundan sonrası özündən asılıdı – havaya girməməli, hazırlığını artırmalı və inkişafa davam etməlidi. Onun kluba qazandırılması hansısa rəqibi yenib mərhələ adlamaqdan daha önəmlidi (futbolinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest